CƏMİYYƏT
Mərkəzi Gömrük Hospitalının nəzdində Qadın Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Hospitalının nəzdində Qadın Sağlamlıq Mərkəzi fəaliyyətə başlayıb.
Hospitaldan AZƏRTAC-a bildirilib ki, süni mayalanma yolu ilə övlad sahibi olmaq istəyənlərin artıq əlavə vəsait və vaxt sərf edərək xarici ölkələrə getmələrinə lüzum qalmayacaq. Mərkəzdəki laboratoriya, cərrahiyyə otaqları dünyadakı qabaqcıl süni mayalanma mərkəzlərində tətbiq olunan ən müasir avadanlıqlarla təchiz edilib. Burada süni mayalanma müalicəsində hamiləlik şansını ciddi şəkildə artıran və Azərbaycanda ilk dəfə həyata keçirilən Embryoscope, CGH, PGD və ERA testləri, co-culture, İMSİ kimi ən son texnoloji yeniliklər tətbiq olunur. İlk növbədə mərkəzə müraciət edən cütlüklərə süni mayalanma yolu ilə övlad sahibi olub-olmayacaqları barədə dəqiq diaqnoz qoyulur. Mərkəzdə tətbiq edilən ERA testi ilə uşaqlığın embrionları qəbul edib-etməyəcəyini və ya embrion transferinin hansı gündə hamiləlik şansını artıra biləcəyini qabaqcadan bilmək mümkündür.
Mərkəzdə uğurla tətbiq edilən CGH testi vasitəsilə embrionun genetik problemləri və xromosomların vəziyyəti araşdırılaraq sağlam embrionun transferi həyata keçirilir.
Qadın Sağlamlıq Mərkəzi beynəlxalq miqyasda tanınan məşhur ginekoloq, professor Mustafa Bahçecinin rəhbərlik etdiyi tibbi heyətlə kişi və qadın sonsuzluğu, hamiləlik təqibi, ginekologiya, endoskopik ginekoloji cərrahiyyə, genetik analizlər üzrə tibbi xidmətlər də təqdim edir.