ELM VƏ TƏHSİL
Mərkəzi Nəbatat Bağı tədqiqat mərkəzinə çevrilib
Bakı, 13 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağı (MNB) geniş dairədə tanınmış iri tədqiqat mərkəzinə çevrilib. MNB tərəfindən aparılmış elmi-tədqiqatların nəticələri bir sıra irihəcmli əsərlərdə yer alıb. “Otaq bitkiləri və onlarla qulluq qaydaları”, “Müalicə bitkiləri” silsiləsindən “Zəfəran”, “Əzvay”, “Soğan”, “Qulançar və ya mərəçüyüd”, “Çiriş”, “Nanə”, “Bədrənc”, “Qafqaz geofitlərinin konspekti”, “Bitki adları haqqında nə bilirsiniz”, “Böyük Qafqazın şimal-şərq hissəsinin dendroflorası və meşələri”, “Sarmaşan bitkilər sorağında”, “Şamların taksonomiyası, biomorfoloji və rentgenoloji xüsusiyyətləri” kitabları çap olunub. Eyni zamanda, “Bitkilərin introduksiyası və iqlimləşdirilməsi”, “Mərkəzi Nəbatat Bağının əsərləri” topluları, “Gülçülük”, “Abşeron şəraitində sarmaşan bitkilərin becərilməsi”, “Qafqazın geofitləri” monoqrafiyası, 4 dildə ikihissəli “Nəbatat terminləri və bitki adları” lüğəti, “Nəbatat terminlərinin izahlı lüğəti”, “Meyvə və toxumlarına görə bitki növlərinin qeyri-ənənəvi təyinat üsulları” metodik vəsaitləri nəşr etdirilib. Bundan əlavə, MNB-də yetişdirilmiş “Əsrin müqaviləsi”, “Sarı gəlin” və “Nazpəri” qızılgül sortları üçün 3 müəlliflik şəhadətnaməsi və patent alınıb.
Qeyd edək ki, nəbatat bağları müasir dövrdə ərazisində elmi-tədqiqat, tədris və maarifləndirmə məqsədilə dünyanın fərqli ərazilərindən və müxtəlif iqlim zonalarından toplanan sənədləşmiş canlı bitki kolleksiyalarının nümayişi məqsədilə qurulan, xüsusi mühafizə olunan təbiət abidəsidir. Nəbatat bağı ilk dəfə 1543-cü ildə İtaliyanın Pitsa Universiteti tərəfindən yaradılıb. Sonralar Padova və Florensiya universitetlərində, 1621-ci ildə isə Oksford Universitetində qurulub. Hazırda dünyanın 148 ölkəsində 1775-dən artıq nəbatat bağı və dendrariumu fəaliyyət göstərir.