ELM VƏ TƏHSİL
Mərkəzi Nəbatat Bağında 2 min 500 növ bitki kolleksiyaları öyrənilir
Bakı, 18 iyul, AZƏRTAC
Mərkəzi Nəbatat Bağında (MNB) Azərbaycan florasından və dünyanın müxtəlif botaniki-coğrafi rayonlarından 2 min 500 növ ağac, kol və ot bitkisinin kolleksiyaları mühafizə olunur, öyrənilir və səmərəli istifadəsi üzrə tövsiyələr hazırlanır.
Bu fikir AMEA-nın Mərkəzi Nəbatat Bağı (MNB) və “Gənclik və maarifçilik” İctimai Birliyi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakültəsinin tələbələrinin iştirakı ilə keçirilən tədbirdə səsləndirilib.
Nəbatat Bağından AZƏRTAC-a bildirilib ki, bioloji müxtəlifliyin mühafizəsi və səmərəli istifadəsinin təbliğinə həsr olunmuş tədbirdə MNB-nin direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Vahid Fərzəliyev bağın yaranma tarixi, elmi fəaliyyət istiqamətləri barədə məlumat verib. O, respublikamızda bitki ehtiyatlarının xammal bazasını və yaşıllaşdırma çeşidlərini zənginləşdirmək məqsədilə aparılan elmi-tədqiqat işlərindən danışıb.
Tələbələr bağın böyük zənginliyə malik canlı kolleksiyasını ziyarət edib, burada aparılan elmi-tədqiqat işləri, onların praktiki əhəmiyyəti ilə yaxından tanış olublar.
Sonra “Biomüxtəlifliyin dəyərləri”, “Dendroxronologiya elmi və təbii fəlakətlərin bitkilərə təsirinin öyrənilməsi”, “Coğrafi informasiya sistemləri və onun biomüxtəlifliyin qorunmasında tətbiqi” və digər mövzularda çıxışlar dinlənilib.
Tədbir Zoologiya İnstitutunda davam etdirilib. İnstitutun muzeyində toplanmış zəngin eksponatlar barədə tələbələrə məlumat verilib, həmçinin onlara çap materialları, disklər və bukletlər paylanılıb.