ELM VƏ TƏHSİL
Mərkəzi Nəbatat bağı ilə Avropa Azərbaycan Məktəbi arasında müqavilə imzalanıb
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat bağı ilə Avropa Azərbaycan Məktəbi arasında elm və təhsil üzrə əməkdaşlıq haqqında müqavilə imzalanıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, elm və təhsil arasında əlaqə prinsipinə uyğun olaraq institutun alim və mütəxəssisləri ilə məktəbin kollektivi arasında təhsilin yaxşılaşdırılmasına xidmət edən mümkün əlaqə və əməkdaşlıq genişləndiriləcək.
Müqaviləyə əsasən şagirdlərdə botanika elminə marağın artırılması məqsədi ilə institutun elmi fəaliyyətinin tanıdılması istiqamətində tədbirlərin keçirilməsi, elmi biliklərin və təhsilin səviyyəsini yüksəltmək üçün alimlərin təcrübəsindən istifadə edilməsi, beynəlxalq və respublika səviyyəli elmi konfrans və sərgilərin birgə təşkili, müəssisələr arasında əməkdaşlığa əsaslanan elmi tədqiqat işlərinin və müştərək layihələrin aparılması və digər fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.