ELM VƏ TƏHSİL
Mərkəzi Nəbatat bağında “Qızılgül” sərgisi açılıb
Bakı, 25 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat Bağında “Qızılgül” sərgisinin açılış mərasimi keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, sərginin təşkilinin əsas məqsədi Azərbaycanda botanika elminin təbliği, bu sahədə əldə edilmiş nailiyyətlərin nümayişi, gənclərə təbiətə sevgi və diqqət hislərini aşılamaq, o cümlədən qızılgül həvəskarlarını yeni sortlarla tanış etməkdir. Sərgidə beynəlxalq standartlara uyğun 350-dən artıq qızılgül ekspozisiyası nümayiş etdirilib.
Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə Mərkəzi Nəbatat bağında 35 il ərzində dünyanın müxtəlif ölkələrindən qızılgüllərin introduksiyası, yerli sortlarla hibridləşdirilməsi və seleksiyası üsulları ilə bağlı elmi-tədqiqat işləri aparıldığını, bunun nəticəsində bağın qızılgül sahəsində müxtəlif qruplardan olan bağ qızılgüllərinin 1000-dək növünün toplandığını bildirib. Mərkəzi Nəbatat bağının qızılgül növlərinin öyrənilməsi sahəsində çoxillik zəngin təcrübəyə malik olduğu qeyd edilib.
Mərkəzi Nəbatat Bağının çiçəkçilik laboratoriyasının rəhbəri, sərginin kuratoru Asəf İsgəndərovun uzun illərdir ki, qızılgül sortlarının yetişdirilməsi ilə məşğul olduğu, bu istiqamətdə müsbət nəticələr əldə etdiyi diqqətə çatdırılıb.
Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Qızılgül sortları ilə bağlı məlumat verən alim bildirib ki, yeni araşdırmalar, elmi-tədqiqat işləri nəticəsində qızılgüllərin tərkibi müxtəlif seleksiyalar üzrə təzələnir, yeni növlər əldə olunur. Cənubi Qafqazda ən böyük qızılgül kolleksiyalarından birinin də məhz Mərkəzi Nəbatat bağında yerləşdiyini vurğulayan A.Əlizadə belə sərgilərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayıb. Qeyd edilib ki, qızılgül növlərinin yetişdirilməsi sahəsində təbliğat işləri genişləndirilməli, ictimaiyyət bu barədə ətraflı məlumatlandırılmalıdır.
Sərgidə nümayiş etdirilən qızılgül sortlarını böyük maraqla qarşılayan Yaponiyanın Bakıdakı səfiri Tsuquo Takahaşi sərgidə iştirakından məmnunluğunu bildirib. Diplomat Azərbaycanda bu sahədə əldə olunan nailiyyətləri yüksək dəyərləndirib, qızılgüllərin yetişdirilməsi ilə məşğul olan tədqiqatçılara uğurlar arzulayıb.
Sonda Mərkəzi Nəbatat bağının çiçəkçilik laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru A.İsgəndərov 2006-cı ildən bu sahədə tədqiqatlara başladığını qeyd edib. Uzunmüddətli araşdırmalardan sonra qızılgülün yeni növlərinin yetişdirilməsinə nail olduğunu bildirib. Alim seleksiya üsulu ilə yetişdirilmiş yeni qızılgül sortlarının regional və beynəlxalq gül sərgilərində nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.