SİYASƏT
Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarının kompyuter mütəxəssisləri üçün seminar keçirib [YENİLƏNİB]
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2015-ci ildə Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar müxtəlif istiqamətləri əhatə edən genişmiqyaslı layihələri davam etdirir.
MSK katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində növbəti layihə dairə seçki komissiyalarının kompyuter mütəxəssislərini əhatə edir. Belə ki, Milli Məclisə seçkilərə hazırlıq məqsədilə avqustun 28-də dairə seçki komissiyalarının kompyuter mütəxəssisləri üçün seminar keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd dairə seçki komissiyalarının kompyuter mütəxəssislərinə “Seçkilər” Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin təkmilləşdirilmiş yeni imkanları barədə praktiki məlumat vermək, istifadə qaydalarını əyani formada öyrətməkdir.
Kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.