SİYASƏT


Mərkəzi Seçki Komissiyası referendumla əlaqədar səsvermə bülletenlərinin paylanmasına başlayıb

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermə bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb. Bu barədə AZƏRTAC-a Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin rəhbərliyi və əməkdaşları, eləcə də dairə seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə Milli Məclisin Mətbəəsində keçirilən tədbirdə beynəlxalq və xarici qurumların, kütləvi informasiya vasitələrinin nümayəndələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər maraqlı subyektlərin iştirakına hərtərəfli şərait yaradılıb. Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində, konsul idarələrində və üzən gəmilərdə Seçki Məcəlləsinin tələblərinə uyğun yaradılmış seçki məntəqələrinin aid olduğu seçki dairələri, eləcə də ölkənin ucqar bölgələrini əhatə edən, ümumilikdə, 36 seçki dairəsi üzrə səsvermə bülletenləri müvafiq dairə seçki komissiyaları sədrlərinin və katiblərinin iştirakı ilə bülletenlərin sayı, verilmə tarixi və vaxtı göstərilməklə tərtib edilmiş akt əsasında dairə seçki komissiyalarının sədrlərinə təhvil verilib.

Mərasimdə səsvermə bülletenlərinin hazırlanması və aidiyyəti üzrə çatdırılması ilə bağlı Seçki Məcəlləsinin tələbləri və bülletenlərin paylanmasının təşkili barədə kütləvi informasiya vasitələrinə ətraflı məlumat verilib, aşkarlığın və şəffaflığın təmin olunması üçün bütün mərhələlərin media mənsubları tərəfindən hərtərəfli işıqlandırılmasına tam şərait yaradılıb, eyni zamanda, prosesin gedişi ilə bağlı jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təmin olunan təhlükəsizlik şəraitində hazırlanan səsvermə bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxil İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir.

Qeyd edək ki, ümumxalq səsverməsi (referendum) ilə əlaqədar səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, avqustun 8-dən etibarən səsvermə bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 5280924 (beş milyon iki yüz səksən min doqquz yüz iyirmi dörd) ədəd bülleten çap olunub. Seçki Məcəlləsinə əsasən bülletenlər dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmış dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.