REGİONLAR
Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyi Gəncədə referendumla bağlı zona seminar-müşavirəsi keçirib VİDEO
Gəncə, 5 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsində (referendum) polis əməkdaşlarının xidməti fəaliyyətinin təkmilləşdirilməsinə dair Gəncə şəhərində zona seminar-müşavirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyi tərəfindən birgə təşkil olunan seminar-müşavirədə MSK-nın, nazirliyin, şəhər və rayon polis idarələrinin nümayəndələri və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Tədbirin təşkilində əsas məqsəd seçki qanunvericiliyinin və polisin üzərinə düşən vəzifələrin izah edilməsi olub.
Seminar-müşavirədə seçki qanunvericiliyi, seçki sistemi, səsvermə prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyəti mövzularında çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənov bildirib ki, belə maarifləndirici tədbirlər artıq ənənə halını alıb. Referendumla bağlı seminar-müşavirələr Şirvan, Şəki və Bakıda da keçirilməklə sentyabrın 15-dək davam edəcək.
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Əziz Baxışov referendum kampaniyası dövründə və səsvermə günü ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələrindən danışıb. O, çıxışında səsvermədən sonra seçki bülletenlərinin və digər sənədlərin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı yüksək təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb.
Sonra MSK Katibliyinin hüquq şöbəsinin müdiri İradə Hacıyevanın referendumun subyektləri, onların hüquq və vəzifələri, fəaliyyətlərinə qanunsuz müdaxilənin yolverilməzliyi mövzusunda çıxışı dinlənilib.
Sonda tədbir iştirakçılarına polis əməkdaşlarının ümumxalq səsverməsində iştirakına dair yaddaş kitabçası paylanılıb.