SİYASƏT
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
Bakı, 10 oktyabr, AZƏRTAC
Oktyabrın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2015-ci il 5 oktyabr tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə iclasa çıxarılan müraciətlərlə bağlı Komissiya üzvlərinin müzakirəsindən sonra müvafiq qərarlar qəbul edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.