SİYASƏT
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Bakı, 31 avqust, AZƏRTAC
Avqustun 31-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Mərkəzi Seçki Komissiyası katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın avqustun 19-da keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələyə baxılıb. Bildirişdə seçicinin adı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, həmçinin səsvermə qaydaları ətraflı şəkildə əks olunur. Komissiya üzvlərinin müzakirəsindən sonra səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair 5250000 (beş milyon iki yüz əlli min) bildirişin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.
İclasda 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi də müzakirə edilib və həmin partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
Komissiyanın iclasında vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata dəyişiklik edilib.
Mərkəzi Seçki Komissiyasının qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.
Beynəlxalq və xarici qurumların təmsilçilərinin, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.