SİYASƏT


Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

A+ A

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə sədr Komissiya üzvlərini ölkə Konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə tanış edib və bildirib ki, dövlət başçısının Sərəncamı ilə referendum 2016-cı il sentyabrın 26-na təyin edilib.

Sonra iclasda qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, referendum subyektlərinə metodiki yardım göstərilməsi və onların referendum prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə 2016-ci il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı müzakirə olunaraq təsdiq edilib.

İclasda seçki hüquqlarının pozulması ilə əlaqədar hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması və vətəndaşların referendumda iştirak hüquqlarının daha səmərəli təmin olunması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb. Komissiyanın qərarı ilə MSK nəzdində referendumun keçirilməsi dövründə fəaliyyət göstərəcək 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec olmayaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına həvalə edilib.

Komissiyanın iclasında ümumxalq səsverməsi zamanı referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə müvafiq dövlət qurumlarının mütəxəssislərindən ibarət işçi qrupu yaradılıb və Komissiyanın üzvü işçi qrupunun rəhbəri təyin olunub.

Beynəlxalq qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.