SİYASƏT


Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

A+ A

Bakı, 4 avqust, AZƏRTAC

Avqustun 4-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2016-cı il 26 və 27 iyul tarixli iclaslarının protokolları təsdiq olunub.

Sonra iclasda Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, respublika üzrə dairə seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılıb və dairə seçki komissiyalarının yeni tərkibinə təqdim edilən namizədlər barədə ətraflı məlumat verilib. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra ölkə üzrə 124 seçki dairəsinin dairə seçki komissiyasının yeni tərkibi təsdiq edilib. Qeyd edək ki, dairə seçki komissiyalarından biri - 90 saylı Ağdaş seçki dairəsinin dairə seçki komissiyası bu il Milli Məclisə keçirilmiş təkrar seçkilər ərəfəsində formalaşdırılıb.

İclasda Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar seçki (referendum) komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası da təsdiq edilib.

Bu il sentyabrın 26-na təyin edilmiş referendumla bağlı səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası da Komissiya üzvləri tərəfindən müzakirə edildikdən sonra təsdiq olunub və 5280924 (beş milyon iki yüz səksən min doqquz yüz iyirmi dörd) seçki bülleteninin mətbəə üsulu ilə hazırlanması qərara alınıb. Mərkəzi Seçki Komissiyası, həmçinin ümumxalq səsverməsi ilə bağlı səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair eyni sayda bildirişin hazırlanması barədə qərar qəbul edib.

Onu da qeyd edək ki, adı seçicilər siyahısına daxil edilmiş məntəqədə səsvermə günü səs vermək imkanı olmayan seçicilərin hüquqlarının təmin edilməsi üçün qeydiyyatdançıxma vəsiqələrinin hazırlanması nəzərdə tutulub. Seçicilər bu sənədi səsvermə gününə 45-25 gün qalmış dairə seçki komissiyalarından, 24-3 gün qalmış isə məntəqə seçki komissiyalarından əldə edə və həmin vəsiqə əsasında səsvermə günü olduqları ərazidəki seçki məntəqəsində səs verə bilərlər.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.