SİYASƏT


Mərkəzi Seçki Komissiyasının sədri referendumun nəticələrini açıqlayıb

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC 

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ölkəmizdə referendumun keçirildiyi bütün məntəqələrdən daxil olan məlumatlarla bağlı sentyabrın 27-də mətbuat konfransı keçirib.

Məzahir Pənahov bildirib ki, referendum 125 seçki dairəsi üzrə 5627 seçki məntəqəsində keçirilib və nəticələrin hamısı bu gün səhər Mərkəzi Seçki Komissiyasına daxil olub. Diqqətə çatdırılıb ki, ölkə üzrə qeydə alınmış seçicilərin sayı 5 milyon 276 min 111 nəfər olub. Səsvermədə seçicilərin iştirak faizi 69,7 faiz təşkil edib.

Sonra MSK sədri daxil olan məlumatlara əsasən ilkin rəqəmləri diqqətə çatdırıb.

Məzahir Pənahov bildirib ki, Mərkəzi Seçki Komissiyası artıq rəsmi protokolların qəbul edilməsi ilə məşğul olacaq. Seçki Məcəlləsinin tələbinə görə, iki gün müddətində bütün dairə seçki komissiyalarının protokolları Mərkəzi Seçki Komissiyasına çatdırılmalıdır. Ondan sonra dairə seçki komissiyalarının protokolları əsasında ilkin nəticələr MSK-nın saytında yerləşdiriləcək. Həmin məlumatlar artıq protokollar əsasında olan ilkin nəticələr olacaq. Sonra bütün sənədlər diqqətlə araşdırılacaq, əgər hər hansı müraciət daxil olarsa, o müraciətlər araşdırılacaq, onlara uyğun qərarlar çıxarılacaq. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq ən geci 25 gün müddətində Mərkəzi Seçki Komissiyası bu proseslərə yekun vuracaq. Əgər MSK-ya heç bir müraciət daxil olmasa, dairə seçki komissiyalarından daxil olmuş sənədlər araşdırılıb başa çatdırılandan sonra Komissiya nəticələrin rəsmi təsdiq olunması ilə bağlı iclasın nə vaxt çağırılması barədə qərar qəbul edəcək.

Ümumxalq səsverməsinin çox yüksək səviyyədə keçirildiyini bir daha vurğulayan M.Pənahov indiyədək MSK-ya hər hansı şikayətin daxil olmadığını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.