CƏMİYYƏT
Mərkəzləşdirilmiş istilik sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində sistemli və intensiv iş aparılır VİDEO
Bakı, 27 noyabr (AZƏRTAC). Qış yaxınlaşdıqca insanların qayğıları da artır. Hələlik havaların mülayim keçməsi soyuq günlərdə yarana biləcək problemləri bir qədər unutdursa da, qış fəslinin hərdən bir özünü göstərməsi xəbərdarlıq kimi də qəbul edilə bilər. Payız-qış mövsümündə ən aktual məsələlərdən biri mənzillərin qızdırılmasıdır. Odur ki, AZƏRTAC-ın müxbiri “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin (ASC) bu istiqamətdə gördüyü işlərlə maraqlanmışdır.
ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev görülən işlər barədə danışarkən bildirmişdir ki, növbəti payız-qış mövsümündə fəaliyyət göstərməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində cari profilaktiki təmir işləri aparılmışdır. Belə ki, nasoslar, elektrik mühərrikləri təmir olunmuş, qazanlar və aparatlar təmizlənmiş, nəzarət-ölçü cihazları və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilmişdir. Həmçinin magistral və məhəllədaxili istilik xətləri yoxlanılmış, problemli xətlər dəyişdirilərək yenisi ilə əvəz olunmuş, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilmişdir.
Cari ilin investisiya proqramı çərçivəsində “Azəristiliktəchizat” ASC tərəfindən yaşayış binaları və sosial obyektlərin istilik təchizatının bərpası istiqamətində 523 müxtəlif layihənin həyata keçirildiyini deyən R.Əliyev bildirmişdir ki, bunun nəticəsində 64 müasir tipli yeni istilik mənbəyi yaradılmışdır. Konkret olaraq, 15 yeni qazanxana tikilmiş, 16 qazanxana müasir tipli avadanlıqlarla təmin edilərək yenidən qurulmuş, 13 obyektdə modul və kaskad tipli istilik mənbəyi yaradılmış, 20 istilik məntəqəsi yenidən qurularaq qazanxanaya çevrilmişdir. Həmçinin 6 məktəbin, 2 uşaq bağçasının, 1 səhiyyə müəssisəsinin aşağı paylayıcı və binadaxili istilik sistemləri, eləcə də 94 çoxmərtəbəli yaşayış binasının aşağı paylayıcı istilik sistemləri yenidən qurulmuşdur. Yeni yaradılmış bütün istilik mənbələri Almaniya, İtaliya və Türkiyədə istehsal olunmuş ən müasir avadanlıqlarla təmin edilmişdir.
Abonent və müştəri xidmətlərinin rəisi 2013/2014-cü illər payış-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planı çərçivəsində görülən işlərdən də danışmışdır. Belə ki, plana uyğun olaraq 807,74 kilometr istilik kəmərləri hidravlik təzyiqlə yuyulmuş, onlardan 52,6 kilometri əsaslı təmir olunmuş, bütün qazanxana və istilik məntəqələri kompleks şəkildə yoxlanılmışdır. Eləcə də 686 qazanın və 57 istilik mübadilə qurğusunun profilaktikası aparılmış, 62 qazan əsaslı təmir olunmuş, 392 qazan mexaniki, 141 qazan kimyəvi üsulla təmizlənmiş, 446 qazanxanada və 94 istilik məntəqəsində nəzarət-ölçü cihazları və avtomatika avadanlıqları təftiş olunaraq zəruri təmir işləri həyata keçirilmişdir.
Payız-qış mövsümünün noyabrın 15-dən aprelin 15-dək davam etdiyini deyən xidmət rəisi qurumun balansındakı binaların sayını və hazırda neçə binanın istiliklə təmin olunduğunu da açıqlamışdır: “Həyata keçirilən tədbirlər nəticəsində “Azəristiliktəchizat” ASC tərəfindən bu mövsümdə 515 qazanxananın və 115 istilik məntəqəsinin fasiləsiz və etibarlı iş rejimi təmin ediləcəkdir. Bu da 3120 yaşayış binasının, 277 məktəbin, 152 uşaq bağçasının, 139 səhiyyə müəssisəsinin və 400-ə yaxın digər sosial obyektin istiliklə təmin olunmasına imkan verəcəkdir. ASC yaradıldığı zaman 988 yaşayış binası istiliklə təmin olunurdusa, hazırda bu göstərici təkcə Bakı şəhərində 2800-ə çatır.
Problemlərdən də danışan R.Əliyev qeyd etmişdir ki, vaxtilə bir sıra mənzillərdə istilik xətləri kəsilib atılmışdır. Digər tərəfdən ASC-nin istilik mənbələrinə qoşulmuş yaşayış binalarının əksəriyyəti sovet hakimiyyəti dövründə tikilmişdir. Yəni binalar köhnə olduğundan istilik sistemləri də yararsız hala düşmüşdür. Mənzildaxili və binadaxili istilik sistemlərinin bu və ya digər şəkildə sıradan çıxması səbəbindən 50 minədək mənzilə istilik vermək mümkün deyil. Problemi necə deyərlər, sakinlərin özləri yaratmışlar. Bəzən binaya normal parametrdə istilik veririk, ancaq mənzildaxili problemin olması səbəbindən istilik dərəcəsi aşağı düşür. Əslində isə, mənzillərdən keçən istilik xətləri mühəndis-kommunikasiyası qurğusudur və binanın ümumi mülkiyyətinə aid olduğundan onları kəsməyə heç kimin ixtiyarı yoxdur. Mərkəzləşdirilmiş istilik sistemindən istifadə etmək həm maddi cəhətdən sərfəlidir, həm də ekoloji cəhətdən təmiz və təhlükəsiz enerji mənbəyidir. Bu sistem mənzillərin elektrik və qazla qızdırılması ilə müqayisədə 15-20 dəfə sərfəlidir. Hazırda yeni istilik mənbələrinin yaradılması, mənzillərə verilən istiliyin fasiləsizliyinin təmin olunması, eləcə də bu sistemin həm sərfəli, həm də təhlükəsizliyi sakinlər tərəfindən mənzildaxili istilik xətlərinin bərpasının intensivləşməsinə gətirib çıxarmışdır.
Xidmət rəisi bildirmişdir ki, istilik təchizatından istifadəyə görə, əhali qrupu üzrə 1 kvadratmetr mənzil sahəsi üçün aylıq qiymət 15 qəpikdir. Məsələn, 30 kvadratmetr mənzil üçün bu, ayda 4 manat 50 qəpik təşkil edir. Təşkilatlar üçün isə 1 kubmetr isidilən həcm hər ay üçün 25 qəpiyə başa gəlir.
Bundan başqa, istilik təchizatı ilə bağlı abonentlərin müraciətini asanlaşdırmaq və problemlərin operativ həllini təmin etmək məqsədi ilə “Azəristiliktəchizat” ASC-də bütün gün ərzində işləyən 956 nömrəli “qaynar xətt”in də fəaliyyət göstərdiyini deyən R.Əliyev bu xidmətdən Bakı şəhəri ilə bərabər, respublikanın regionlarında yaşayan mənzil sahiblərinin də istifadə edə biləcəyini söyləmişdir.
Səhmdar cəmiyyətin gələcək planlarından danışan R.Əliyev bildirmişdir ki, qarşıdakı illərdə istiliklə təmin olunmayan digər obyektlərdə də dövlət proqramı çərçivəsində istilik mənbələrinin quraşdırılması nəzərdə tutulur. “Azəristiliktəchizat” ASC müxtəlif istilik təchizatı obyektlərinin yaradılması, yaşayış binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatının bərpası ilə əlaqədar həm Bakıda, həm də regionlarda daha genişmiqyaslı tədbirlər görəcəkdir. Bütün bunlar payız-qış mövsümündə əhalinin istiliklə bağlı qayğılarının azaldılmasına xidmət edir.
Ceyhun Rüstəmov
AZƏRTAC-ın müxbiri