SİYASƏT
Mersində ulu öndər Heydər Əliyevin xatirəsi yad edilib VİDEO
Bakı, 6 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Türkiyənin Mersin şəhərinin Tarsus rayonunda, dahi şəxsiyyətin adını daşıyan parkda tədbir keçirilib.
Ulu öndər Heydər Əliyevlə bağlı birgə tədbirlərin təşkil edilməsi ilə əlaqədar Bakının Xətai və Mersinin Tarsus rayonları arasındakı qardaşlaşmış şəhərlər formatı çərçivəsində əməkdaşlıq artıq ənənəyə çevrilib.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatları Hüseynbala Mirələmov və Fuad Muradov, Xətai bələdiyyəsinin rəhbəri Əliyar Əliyev, Mersin və Tarsusun hakimiyyət orqanlarının rəhbərləri, ziyalılar və məktəblilərin qatıldıqları tədbir türk dünyasının iki dahi şəxsiyyəti - Heydər Əliyev və Mustafa Kamal Atatürk, Azərbaycan və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb. Sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Mersin bələdiyyəsinin sədri Burhanəddin Kocamaz bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması, güclənməsi, ölkənin Türkiyə ilə münasibətlərinin inkişafı və digər sahələrdəki misilsiz xidmətləri Azərbaycanda olduğu kimi, qardaş ölkədə də ehtiramla qeyd edilir.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs, o cümlədən qardaş Türkiyə ilə münasibətlər sahəsindəki strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu münasibətlər ölkələrimizin müxtəlif şəhərləri arasında da davam etdirilir. Bunun bariz nümunəsi isə Tarsusda Ulu Öndərin adını daşıyan parkın salınması, körpünün tikilməsi və Ümummilli Liderin abidəsinin ucaldılmasıdır. Ona görə də türk dünyasının hər iki böyük şəxsiyyətinin xatirəsi həmişə insanlarımızın qəlbində yaşayacaq.
Milli Məclisin deputatları Fuad Muradov, Hüseynbala Mirələmov, Tarsus bələdiyyəsinin sədri Şövkət Can qeyd ediblər ki, dahi şəxsiyyətin təşəbbüsü ilə həyata keçirilən strateji layihələr bu gün böyük bir regionun həyatında, xalqların maddi rifahının yaxşılaşmasında mühüm rol oynayır.
Tədbirdə yerli uşaq rəqs qrupunun çıxışı maraqla izlənilib.
Daha sonra qonaqlar ulu öndər Heydər Əliyevin adını daşıyan parkda onun xatirəsinə ucaldılmış heykəlin önünə tər çiçəklər düzüb, dahi şəxsiyyətin xatirəsini bir daha ehtiramla yad ediblər.
Ulu öndər Heydər Əliyevin xatirəsinin anılması ilə bağlı tədbirlər Tarsusun təhsil müəssisələrində də təşkil edilib.
Şəhərin nüfuzlu tədris müəssisələrindən olan Kampus Kollecinin şagirdləri Azərbaycandan gələn nümayəndə heyətinin üzvlərini qarşılayıblar. Şagirdlər Azərbaycanla bağlı şeirlər oxuyublar.
Təhsil ocağında Heydər Əliyevin Azərbaycan-Türkiyə dostluğuna, qardaşlığına verdiyi misilsiz töhfələrdən danışılıb, bu tədris müəssisəsinin Xətai rayonundakı orta məktəblərdən biri ilə qardaşlaşması haqqında ilkin razılıq əldə olunub.