ELM VƏ TƏHSİL
“Məruzələr” jurnalında orijinal elmi tədqiqatların nəticələri çap olunub
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Məruzələr” jurnalının 2016-cı il üçün ilk nömrəsi Mərkəzi Elmi Kitabxanaya (MEK) təqdim edilib. Jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, jurnalda akademiklərin, müxbir və xarici üzvlərin əvvəllər heç yerdə çap olunmayan orijinal elmi tədqiqatlarının nəticələri çap edilib. Həmin məqalələri yalnız ingilis dilində müvafiq ixtisaslar üzrə AMEA-nın həqiqi üzvləri təqdim edir və onların elmi məziyyətləri üçün cavabdehlik daşıyırlar. Jurnalın budəfəki nömrəsinə fizika-riyaziyyat və texnika, kimya elmləri üzrə beş, biologiya və tibb elmləri üzrə iki, humanitar və ictimai elmlər üzrə isə üç elmi-tədqiqat işi daxil edilib.
Jurnalda məlumatlarla zəngin, konkret nəticəsi və təklif olunan üsulu prinsipial şəkildə yeni olan “Küyün diferensial normal paylanma funksiyasının hesablanmasının ədədi alqoritmləri” , “Müalicəvi Naftalan neftinin quruluş xüsusiyyətləri”, “Materiyanın azad halının səciyyələri haqqında”, “Multikulturalizm etikası – tərəqqi konsepsiyası” mövzularında məqalələr xüsusilə maraq doğurur.