MƏDƏNİYYƏT


Məryəm Ələkbərlinin əsərlərinin Luvr muzeyində sərgisi artıq ənənəyə çevrilib

A+ A

Paris, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Luvr muzeyinin Karusel salonunda 19-cu “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi açılıb. İstedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərləri artıq dördüncü ildir Luvr muzeyinin Karusel sərgi salonunda sənətsevərlərin qəlbini fəth edir.

Fransız incəsənət həvəskarları qarşısında öz yaradıcılığını dəfələrlə sərgiləyən istedadlı gənc rəssam Məryəm Ələkbərli həyat duyğularını rənglər dünyasına çevirərək yaratdığı tablolarda əks etdirir. Məryəmin rənglər dünyası onun seçimini, dünyaya baxışını, təbiətsevərliyini, insanlara münasibətini, mövzu axtarışını duymağa imkan verir. Gənc rəssam daxili aləmini incəliklə ağ kətan üzərinə köçürür, hər birimizi sehrli aləminin seyrçisinə çevirərək, onu bizimlə bölüşür.

Luvr muzeyinin Karusel salonunda “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisinin açılışında gənc rəssam Məryəm Ələkbərlinin vernisajı təşkil olunub.

Karusel sərgi salonunun direktoru Miryam Anone-Kastane vernisajı giriş sözü ilə açaraq bu günün əlamətdar olduğunu, Məryəm Ələkbərlinin əsərlərini ilk dəfə satışa çıxardığını diqqətə çatdırıb. Salonun direktoru əsərlərin satışı üçün Karusel sərgi salonunu seçdiyinə görə gənc rəssama təşəkkürünü bildirib. O, Məryəm Ələkbərlinin əsərlərinin ziyarətçilər arasında böyük maraq doğurduğunu vurğulayıb.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Məryəm Ələkbərlinin əsərlərinin Luvr muzeyində sərgilənməsinin artıq ənənəyə çevrildiyini qeyd edib. “Gənc rəssam Məryəm Ələkbərlinin əsərləri haqda çox danışmaq olar. Ancaq bu əsərlərə baxanda ilk olaraq enerji, hərarət duyuruq. Məryəm əsərlərində özünün gördüyü və sevdiyi dünyanı əks etdirir. Hər dəfə onun əsərləri yeni janrda olur. Əminəm ki, bu sərgi yenə də çox sayda ziyarətçinin diqqətini cəlb edəcək. Məryəmə böyük uğurlar arzulayıram”, - deyə E.Əmirbəyov bildirib.

Azərbaycan Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov Məryəm Ələkbərlinin əsərlərinin belə nüfuzlu məkanda sərgilənməsinin ilk dəfə olmadığını diqqətə çatdırıb, gənc rəssamı qazandığı uğurlar münasibətilə təbrik edib. Bildirib ki, gənc rəssamın əsərləri müxtəlif rənglərlə ifadə olunan həyat eşqi ilə doludur və müəllifin daxili aləminin zənginliyini əks etdirir. Məryəm Ələkbərlinin əsərlərinin UNESCO-da da sərgiləndiyini xatırladan A.Kərimov onun digər gənc rəssamlar üçün ilham mənbəyi olduğunu vurğulayıb. “Məryəm Ələkbərlinin əsərləri ilk dəfədir satışa çıxarılır. Əminəm, onun əsərlərindən əldə olunan məbləğ genetik pozuntusu olan insanların yaradıcı fəaliyyətini dəstəkləyən Xeyriyyə Fondu vasitəsilə digər yaradıcı gənclərə yardım edəcək”, - deyə A.Kərimov qeyd edib.

İncəsənət tarixçisi və sərginin təşkilatçısı Janet Zvinjenberjer Məryəmin sərgisinin açılışında iştirak etməkdən, tədbirdə onun da əməyinin olmasından məmnunluğunu bildirib. O, gənc rəssamın rənglər dünyası ilə musiqi duyumunun vəhdət təşkil etdiyini diqqətə çatdırıb. “Məryəmin universal dili var və əsərləri vasitəsilə bizimlə məhz həmin dildə danışır. Sizi bu universal dillə onun fikirlərini bölüşməyə dəvət edirəm”, - deyə J.Zvinjenberjer iştirakçıları istedadlı gənc rəssamın əsərlərinə baxmağa dəvət edib.

Luvr muzeyinin Karusel salonunda təşkil edilmiş “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisinin saytında Məryəm Ələkbərli haqqında məlumat və onun dörd əsəri yerləşdirilib.

Üç gün davam edəcək sərgidə 23 ölkəni təmsil edən 50 qalereya, 827 heykəltəraş və rəssamın 2700 əsəri nümayiş olunacaq.

Sərgi oktyabrın 23-dək davam edəcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.