ELM VƏ TƏHSİL


Məsaməli beton blokları ilə tikilən binalardakı problemlər Memarlıq və İnşaat Universitetində müzakirə edilib

Bakı, 26 may, AZƏRTAC 

Mayın 26-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Gobustone” məsaməli beton bloklarından tikilmiş binalarda tamamlama işlərinin təşkilati-texnoloji problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetin həyətində ucaldılmış abidəsi önünə gələrək xatirəsini yad edib, büstü qarşısına əklil qoyublar. Sonra konfrans öz işini universitetin akt zalında davam etdirib.

AzMİU-nun elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov çıxış edərək konfransın plenar iclasını açıq elan edib. Prorektor konfransda müzakirə olunacaq mövzunun aktuallığını, birbaşa istehsalatla bağlı olduğunu və “Synergy Group” şirkəti ilə artıq 3-cü dəfə keçirilən belə bir konfransın əhəmiyyətindən söhbət açıb. Məsaməli beton blokların uzun illər dünya praktikasında istifadəsini, ölkəmizdə tətbiqinin isə son 5-10 ili əhatə etdiyini, ona görə də bu istiqamətdə çoxlu sayda elmi-tədqiqat işlərinin aparılmasının zəruri olduğunu vurğulayıb. Həmçinin tikintidə istifadə olunan müasir texnologiyalı materialların təşkilati-texnoloji problemlərinin öyrənilməsində, tədrisə tətbiq edilməsində konfransda müzakirə olunacaq məsələlərin çox böyük əhəmiyyəti olacağını qeyd edib.

Universitetin inşaat fakültəsinin dekanı, texnika elmləri üzrə fəlsəfə doktoru Hikmət Məmmədov konfransla bağlı fikirlərini bölüşərək, dünyada müasir tikinti istehsalatının texnologiyaları üçün inşaat konstruksiyalarından, materiallarından geniş istifadə olunduğunu bildirib və beynəlxalq aləmdə inşaatın idarə olunması məsələsinin önəmli yer tutduğunu diqqətə çatdırıb.

“Gobustone” məsaməli beton blokların istehsalçısı “Synergy Group” MMC-nin icraçı direktorunun müavini Tahir Məmmədov çalışdığı şirkətin fəaliyyət istiqamətləri barədə danışıb. Qoyulan mövzunun vacibliyini bir daha diqqətə çatdıran T.Məmmədov istehsal etdikləri məhsulun konfransın mövzusu olaraq seçilməsi təşəbbüsünü yüksək qiymətləndirib.

Konfransda tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması kafedrasının müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru Sahib Fərzəliyev “Gobustone” məsaməli beton bloklarından tikilmiş binalarda tamamlama işlərinin təşkilati-texnoloji problemləri” və inşaat-texnologiya fakültəsinin dekanı, texnika elmləri üzrə fəlsəfə doktoru Tahirə Haqverdiyeva “Gobustone” məsaməli beton bloklarının istifadəsinin perspektivləri” mövzularında çıxış edərək məsaməli beton bloklarının müsbət xüsusiyyətindən, istehsalatda istifadəsinin təşkilati-texnoloji problemlərindən, məsaməli beton blokları ilə inşa edilən binalarda tamamlama və bəzək işlərinin yerinə yetirilməsində bir sıra problemlərin mövcudluğundan və inkişaf perspektivlərindən danışıblar. Məruzəçilər problemi yaradan səbəblər və ondan çıxış yolları haqqında konfrans iştirakçılarına ətraflı məlumat veriblər.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarının sualları cavablandırılıb.

Daha sonra iki bölmə iclasında 54 məruzə dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.