CƏMİYYƏT
Meşə mühafizəçiləri hücuma məruz qalıblar
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 1-də gecə saat 2 radələrində Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Kürdəsər meşəbəyliyinin 9 saylı dolayına bir qrup şəxs daxil olaraq ağacları kəsməyə cəhd ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, meşə mühafizəçiləri qanunvericiliyə uyğun olaraq, həmin şəxslərdən qırıntının dərhal dayandırılmasını tələb etdikdə dəstə üzvləri meşə işçilərinə hücum edib, əllərindəki küt alətlərlə müəssisənin direktoru Eyvaz Babayevə və meşə gözətçisi Adıgözəl Cavadova ağır bədən xəsarətləri yetiriblər. Nəticədə meşə gözətçisi başından ağır zərbə alıb, direktorun qolu iki yerdən sınıb. Xəsarət alanlar digər meşə işçiləri tərəfindən xəstəxanaya çatdırılıb. Gözətçinin başına bir neçə yerdən tikiş qoyulub, direktorun qolu gipsə salınıb.
Araşdırmalar əsasında məlum olub ki, meşə işçilərinə, xidməti vəzifələrini yerinə yetirərkən ağır bədən xəsarətləri yetirənlərin hamısı Lənkəran rayonunun Köhnə Kirgan kəndinin sakinləridir.