MƏDƏNİYYƏT
Məşədi İbad klassik deyil, tamamilə yeni, fərqli bir obraz olacaq
Xəbər verdiyimiz kimi, oktyabrın 26-da Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasının premyerası olacaq.
Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşada Məşədi İbad obrazını Əməkdar Artist Şövqi Hüseynov canlandıracaq.
Aktyor bu barədə danışarkən bildirib ki, səhnəmizdə Məşədi İbadı Mirzağa Əliyev, Əliağa Ağayev, Lütfəli Abdullayev, Hacıbaba Bağırov kimi görkəmli sənətkarlarımız oynayıblar və məhz onların misilsiz ifaları sayəsində tamaşaçılarımızda bir klassik Məşədi İbad obrazı formalaşıb. Onlardan sonra bu obrazı canlandırmaq hər bir aktyordan böyük məsuliyyət tələb edir.
Əməkdar artist deyib: “Teatrın direktoru Əliqismət Lalayev məni bu rola dəvət edəndə hansı yükün altına girdiyimi anlayırdım. Oynadığım Məşədi İbad klassik deyil, tamamilə yeni, fərqli bir obraz olacaq. O, çirkin, kifir, yekəqarın, qoca deyil. Gülnaza görə yaşlı olsa da, pəhriz saxlayan, tacir, orta yaşlarında bir kişidir. Mən səhnədə cavan Məşədi İbadı canlandıracam. Mənə elə gəlir ki, klassik obrazdan çıxmağı, təsəvvür etdiyim Məşədi İbadı oynamağı bacarmışam”.