CƏMİYYƏT
Məşədixanım Nemətin həyat və elmi yaradıcılığına həsr olunmuş elmi-praktik konfrans keçirilib
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, “Şöhrət” ordenli Məşədixanım Nemətin həyat və elmi yaradıcılığına həsr olunmuş elmi-praktik konfrans keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə ilk olaraq Şərq dünyasının tanınmış elm xadimi Məşədixanım Nemətin həyat və elmi yaradıcılığına həsr olunmuş sənədli film nümayiş olunub.
Elmi-praktik konfransda “Məşədixanım Nemətin Azərbaycan epiqrafika elmindəki yeri və rolu”, “Azərbaycanın ilk epiqrafçı alim qadını”, “Bərdə tarixinin tədqiqində, eləcə də Qız Qalası kitabələrinin oxunmasında Məşədixanım Nemətin rolu”, “Quba və Dərbənd bölgələrinin, o cümlədən Naxçıvanın tarixi kitabələri, epiqrafik abidələri M.Nemətin elmi fəaliyyətində”, “M.Nemətin Azərbaycan tarixşünaslığına verdiyi töhfələr” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Tədbirin sonunda iştirakçılara elmi-praktik konfransın “Daşlaşan sirlərin sirdaşı” adlanan, ayrıca kitab şəklində nəşr edilmiş tezislər və məqalələr topluları təqdim olunub.