REGİONLAR
Meşələrdə zərərvericilərə qarşı mübarizə tədbirləri görülür
Bakı, 3 iyul, AZƏRTAC
Cənub bölgəsində meşə təsərrüfatı sahələrində şümşad ağaclarının təhlükəli zərərvericilərdən qorunması istiqamətində mübarizə aparılır.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Lənkəran, Astara, Masallı və Lerik rayonları ərazisində ümumilikdə 943 hektar meşə təsərrüfatı sahəsində müşahidə işləri həyata keçirilib. Müşahidə zamanı şümşad ağaclarında “Şümşad odlucası” adlı zərərvericinin ikinci nəslinin tırtılları aşkar olunub.
Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi mərkəzinin yerli qurumunun əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Astarada 63 hektar, Lənkəranda 48 hektar, Masallıda isə 8 hektar meşə təsərrüfatı sahəsində adıçəkilən zərərvericiyə qarşı mübarizə aparılıb.
Mübarizə tədbirləri “Mitsubishi” markalı avtomobilə quraşdırılmış İtaliya istehsalı olan “Skaut” tipli müasir və yüksək manevr qabiliyyəti olan çiləyici aqreqatlar vasitəsi ilə həyata keçirilib. Tədbirlərin əsas məqsədi adıçəkilən zərərvericinin respublikamız ərasizində yayılmasının, eləcə də kənd təsərrüfatına və ətraf mühitə dəyən ziyanın qarşısını almaqdan ibarətdir.
Hazırda adları qeyd edilən rayonlarda meşə təsərrüfatının zərərvericilərdən qorunması istiqamətində genişmiqyaslı mübarizə tədbirləri davam etdirilir.