CƏMİYYƏT
Məşəli də bayraq kimi tutdu:
Çırağımız heç vaxt sönməsin, cənab Prezident!
Bakı, 27 aprel, AZƏRTAC
Aprelin 26-da dünyanın diqqəti Azərbaycanda idi. Həmin gün dövlətimizin başçısı İlham Əliyev birinci Avropa Oyunlarının məşəlini alovlandırdı.
AZƏRTAC jurnalist Nicat Dağların bu möhtəşəm tədbir barədə təəssüratlarını təqdim edir.
X X X
Bir vaxtlar xəyal etdiyimiz nələr var idisə, bu gün onların hamısını yaşayırıq - əlimizin nə vaxtsa çatacağına şübhə ilə yanaşdığımız böyük idman yarışları kimi…
Müxtəlif ölkələrdə keçirilən Olimpiya Oyunlarına, dünya və Avropa çempionatlarına tamaşa edərkən, belə əzəmətli idman bayramlarının ölkəmizdə də keçirilməsini ürəkdən arzulayır və düşünürdük ki, bu yarışlar böyük ölkələr üçündür. Azərbaycan – bu balaca ölkə dünyanın diqqətini çəkməz.
Amma Azərbaycan bunu bacardı, dünyanın diqqətini özünə çəkdi. Addım-addım gəlib elə bir zirvəyə yüksəldik ki, bizi dünyanın dörd yanından da gördülər, eşitdilər. Gördülər ki, Azərbaycan qədim tarixə, zəngin mədəni dəyərlərə malik ölkədir. Gördülər ki, dünyanı qapımıza gətirəcək qədər inkişaf etmişik...
Bu gün Azərbaycan tarix yazır! Birinci Avropa Oyunları başlanğıcını ölkəmizdən götürür. İllər ötəcək, Avropa Oyunları qocaman bir idman yarışına çevriləcək. Lakin bu oyunlar haqqında məlumatlarda “İlk dəfə Bakıda keçirilib” sözləri həmişə yer alacaq.
Aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev Bakıda birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Qürurverici mərasim idi. Prezident İlham Əliyev məşəli böyük fəxarət hissi ilə başının üzərinə qaldırarkən sözsüz ki, biz də qürrələndik! Dövlətimizin başçısı sanki dünyaya göstərmək istəyirdi ki, bu məşəl Azərbaycanın qüdrətindən, iqtisadi inkişafından, özünə güvənc hissindən və daha böyük hədəflərə çatacağına sarsılmaz inamından alovlanıb. Prezident sanki dünyaya səslənirdi: Bu məşəl dostlarımızın yoluna işıq salacaq, düşmənlərimizi isə yandırıb yaxacaq.
Prezident İlham Əliyevin başı üzərinə qaldırdığı məşəl həm də bizim Azərbaycan adlı evimizin çırağı idi. Bayraq kimi tutmuşdu, hamımızı birliyə, həmrəyliyə çağırırdı!
Çırağımız heç vaxt sönməsin, cənab Prezident! Gün o gün olsun ki, daha böyük idman yarışlarının məşəlini alovlandırasınız və o məşəl işğaldan azad edəcəyimiz Qarabağ torpaqlarımızı dolaşsın. Cənab Prezident, Allah qismət etsin ki, Azərbaycanın qələbə məşəlini alovlandırasınız.