DÜNYA
Məşhur aktyor Leonardo di Kaprio Roma Papası ilə görüşüb VİDEO
Roma, 29 yanvar, AZƏRTAC
İtaliyada səfərdə olan məşhur aktyor Leonardo di Kaprio Roma Papası Fransisk ilə görüşüb. Xüsusilə ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə bağlı mövzularda həssas olan aktyor Roma Papası ilə görüşündə də bu məsələləri diqqət mərkəzində saxlayıb.
Söhbət zamanı Leonardo di Kaprio Roma Papasına uşaqlıqdan bəri saxladığı XV əsrdə yaşamış rəssam Hieronymus Boschun rəsmlərindən ibarət kitabı hədiyyə edib. Səmimi görüşə görə minnətdarlığını bildirən aktyor kitabda bəyəndiyi rəsmlərdən biri haqqında məlumat verərək bildirib ki, bu şəkil onun planetin gələcəyini necə təsəvvür etdiyini göstərir.
Qeyd edək ki, 41 yaşlı aktyor böyük əks-səda doğuran “Diriliş” (The Revenant) filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında Oskar mükafatına namizəddir. Aktyor, eyni zamanda ətraf-mühitin mühafizəsi təşkilatlarına 15 milyon ABŞ dolları bağışlamaqla diqqətləri cəlb edib. O, ətraf mühitin mühafizəsində göstərdiyi xidmətlərə görə Davosda keçirilmiş Dünya İqtisadi Forumunda “Crystal Award” mükafatına layiq görülüb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma