DÜNYA
Məşhur amerikalı aktrisanın İslam dinini qəbul etdiyi bildirilir
Bakı, 18 yanvar, AZƏRTAC
Məşhur amerikalı aktrisa Lindsi Loxan “instagram” şəbəkəsindəki hesabından bütün şəkillərini silib.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, 30 yaşlı ulduzun hesabında yalnız “Alaikum salam” yazısını saxlaması mətbuatda onun İslam dinini qəbul etməsi haqqında müzakirələrə səbəb olub.
Dekabrın 29-da “facebook” səhifəsində son yazısını paylaşan Loxanı şərhlərdə bir çox insan İslam dinini qəbul etməsi münasibətilə təbrik edib. 20 milyondan çox abunəçisi olan Loxan üçün sosial şəbəkələr əsas gəlir mənbələrindəndir. 2015-ci ildən “Quran”la maraqlanan aktrisanın bir çox müsəlman ölkəsinə səfər etdiyi də bildirilir. 30-dan çox Hollivud filmində çəkilən Loxan bir neçə dəfə spirtli içki və narkotik vasitələrdən asılılığa görə reabilitasiya kursları keçib. Ötən il isə aktrisanın 23 yaşlı rus Yeqor Tarabasov ilə sevgi münasibətləri və ayrılması mətbuatda geniş müzakirə olunub. Bu barədə televiziyada açıqlama vermək üçün Loxan təşkilatçılardan 500 min funt sterlinq pul tələb edib.