SİYASƏT


Məşhur amerikalı jurnalist Masazır qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə görüşüb

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycanla bağlı yeni kitab yazmaq məqsədilə ölkəmizə səfərə gələn, “Dağlarda qətl: Xocalıdakı hərbi cinayətlər və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi, tanınmış amerikalı jurnalist Raul Kontreras Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun müşayiəti ilə Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə məskunlaşan soydaşlarımızla görüşüb, onlar üçün yaradılan şəraitlə yerində tanış olub.

Dövlətqaçqınkomdan AZƏRTAC-a bildirilib ki, yeni nəşrə daxil etmək üçün Azərbaycan haqqında, o cümlədən ölkəmizdəki qaçqın və məcburi köçkünlər, onların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərlə bağlı reallıqları olduğu kimi qələmə almaq məqsədilə görüşə gələn jurnalistə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bu münaqişə nəticəsində evlərindən didərgin salınmış soydaşlarımızın problemləri, bu problemlərin həlli istiqamətində dövlət tərəfindən görülən işlər barədə hərtərəfli məlumat verən F.Hüseynov diqqətə çatdırıb ki, respublikamızın müxtəlif bölgələrində bütün sosial-texniki infrastruktura malik bu cür 95 hündürmərtəbəli yaşayış binaları kompleksi tikilib, qəsəbələr salınıb və 250 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb.

Sonra amerikalı jurnalist məhəllədəki 33 saylı Zəngilan tam orta məktəbində müəllim və şagirdlər üçün yaradılan şəraitlə, Zəngilan Rayon Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları ilə tanış olub.

Raul Kontreras, həmçinin məhəllədə məskunlaşan məcburi köçkünlərin mənzilinə də baş çəkib, onların həyat və yaşayış tərzi ilə maraqlanıb. Amerikalı jurnalist məcburi köçkünlərlə söhbət zamanı son illər Azərbaycanın uğurlu inkişafından, dövlət tərəfindən məcburi köçkün həyatı yaşayan vətəndaşlara hərtərəfli qayğıdan məmnunluğunu ifadə edib, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırılmasında imkanlarından hərtərəfli istifadə edəcəyini diqqətə çatdıraraq ətraflı məlumatlara görə minnətdarlığını bildirib.

Xatırladaq ki, amerikalı jurnalist ABŞ-ın nüfuzlu mətbu orqanlarında Azərbaycanda keçirilən mühüm tədbirlər, əldə olunan uğurlar, reallaşdırılan layihələr, ölkəmizdəki tolerantlıq, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımına dair müxtəlif məqalələrlə çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.