REGİONLAR
Məşhur amerikalı yazıçı Gəncədə “Azərbaycan gündəliyi” kitabını təqdim edib
Gəncə, 27 may, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə ABŞ səfirliyi və ADA Universitetinin birgə əməkdaşlığı çərçivəsində məşhur amerikalı yazıçı və jurnalist Tomas Qoltsun Azərbaycan dilində nəşr edilən "Azərbaycan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində müəllif, şəhər icra hakimiyyətinin və ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşları, həmçinin ziyalılar iştirak ediblər.
İcra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Həsən Məmmədov tədbiri açaraq, Tomas Qoltsun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, “Azərbaycan gündəliyi” kitabında müəllifin şahidi olduğu və 1990-cı illərdən indiyədək Azərbaycanın ictimai-siyasi həyatında cərəyan edən hadisələr əksini tapıb.
Təqdimat mərasimində çıxış edən Tomas Qolts deyib ki, onun Azərbaycanla tanışlığı təsadüf nəticəsində baş verib. Belə ki, Özbəkistana yollanan müəllif yenicə müstəqillik qazanan Azərbaycana 4 günlük səfər planlaşdırmasına baxmayaraq, o, burada qalmalı olub. Bakıda bir neçə ay qalması onu ömürlük Azərbaycanın pərəstişkarına çevirib.
Məşhur amerikalı yazıçı Dağlıq Qarabağda erməni işğalçılarının törətdikləri vəhşiliklərin, qaçqın və köçkünlərin doğma yurdlarından didərgin düşmələrinin canlı şahidi olub, qanlı döyüşləri görüb. Onun bu mövzuda yazdığı məqalələr ABŞ-ın bir sıra nüfuzlu kütləvi informasiya vasitələrində işıqlandırılıb. Ulu öndər Heydər Əliyevlə görüşmək üçün 1993-cü ildə Naxçıvana səfər etdiyini xatırladan Tomas Qolts, Azərbaycanın bu dahi şəxsiyyətindən müsahibə götürməyə müvəffəq olduğunu bildirib, görüşlə bağlı xatirələrini kitabda əks etdirdiyini diqqətə çatdırıb.
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimai əlaqələr şöbəsinin müdiri Stivin Qays bildirib ki, ABŞ səfirliyi və ADA Universitetinin birgə əməkdaşlığı ilə nəşr edilən kitab Azərbaycan həqiqətlərini dünyaya çatdırır. O, qeyd edib ki, amerikalı diplomatlar Azərbaycana gəlməzdən əvvəl Tomas Qoltsun təəssüratları ilə maraqlanırlar. İndiyədək kitabın bir çox ölkələrdə minlərlə nüsxəsi oxucular tərəfindən alınıb.
Sonra Tomas Qolts sualları cavablandırıb, kitabını iştirakçılara hədiyyə edib.