ELM VƏ TƏHSİL
Məşhur çinli səyyah Dillər Universitetində
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də məşhur çinli səyyah, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin elçisi Çen Lianquan Azərbaycan Dillər Universitetində (ADU) olub.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə universitetin rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov bu ali təhsil ocağının tarixi, beynəlxalq əlaqələri və tədris prosesi haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, ADU əsasən pedaqoji, beynəlxalq və tərcümə sahələrində mütəxəssislər yetişdirir. Universitetdə 22 dil, o cümlədən Çin dili də tədris olunur.
Söhbət zamanı Ç.Lianquan səyahət etməyin uşaqlıq arzusu olduğunu söyləyib. Dünyanın 100-dən çox ölkəsinə səyahət etdiyini deyən səyyah Azərbaycanda olmağından məmnunluğunu bildirib.
Sonra Konfutsi İnstitutunun tələbələri ilə keçirilən görüşdə bu qurumun Azərbaycan tərəfindən rəhbəri, professor Rafiq Abbasov ölkəmizin çoxəsrlik tarixindən, nadir təbiətindən və qədim mədəniyyətindən danışıb. O, Böyük İpək Yolunun inkişafında Azərbaycanın tranzit mövqeyini xüsusi vurğulayıb.
Görüşdə Ç.Lianquan velosiped və motosiklet ilə dünya səyahətindən danışıb, İpək Yolu üzərində yerləşən ölkələrinin mədəniyyətləri ilə bağlı təəssüratlarını bölüşüb.