MƏDƏNİYYƏT
Məşhur musiqiçi Sebastian Studnitski filarmoniyada konsert verib
Bakı, 28 oktyabr, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Sebastian Studnitski və “Sebastian Studnitzky Trio” caz triosunun konserti olub.
AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində təşkil olunan konsertdə trionu (Sebastian Studnitski – truba və fortepiano, Pol Kleber – bas, Tim Sarhan - zərb alətləri) “Memento” simli kvarteti müşayiət edib.
Sebastian Studnitski “səs esteti”, instrumental musiqidə caz və klassika arasında səyyah adlandırılan dünya şöhrətli musiqiçi, bəstəkar, truba ifaçısı və pianoçudur. O, dünyanın bir çox məşhur musiqi kollektivləri və ifaçılarla əməkdaşlıq edir. Nüfuzlu caz festivallarında iştirak edən solo ifaçı 10-dan çox studiya albomu yazdırıb.
Caz tənqidçiləri Studnitskini böyük musiqiçi adlandırırlar. Onun musiqisi ənənəvi caz üslubuna oxşamır. Bu musiqidə caz, klassika və elektron musiqi elementləri var.
Sebastian Studnitski Avropanın ən böyük caz festivalı olan “XJAZZ”ın təsisçisi və musiqi direktorudur.
“Sebastian Studnitzky Trio”nun konserti caz biliciləri ilə yanaşı, həm də yüksək səviyyəli “intellektual” musiqi həvəskarları üçün hüdudsuz peşəkar improvizasiya atmosferinə dalmaqdan ötrü unikal Avropa səviyyəli hadisədir.