SİYASƏT


Məşhur polşalı səyyah, tədqiqatçı və jurnalist Azərbaycanla bağlı təəssüratlarını oxucularla bölüşür

Yatsek Palkeviç: “Bakı. Şərqin qapısı. Bakı – Sovet İttifaqının ucqar paytaxtından dünyanın ən dinamik inkişaf edən metropoliyasına kimi”

Bakı, 16 iyun, AZƏRTAC

Polşanın nüfuzlu mətbuat orqanlarından olan “Rzeczpospolita” qəzetində məşhur polşalı səyyah, tədqiqatçı, jurnalist və yazıçı Yatsek Palkeviçin Azərbaycan haqqında geniş məqaləsi dərc edilib. İyunun əvvəllərində Azərbaycana səfər etmiş Y.Palkeviç ölkəmizlə bağlı təəssüratlarını məqalədə polşalı oxucularla bölüşüb.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanı müxtəlif mədəni və tarixi aspektlərdən təqdim edən Y.Palkeviç Bakıya gəldiyi zaman şəhərə heyran olduğunu bildirir. O qeyd edir ki, hava limanında yeni terminal elmi-fantastik romanlarda olan cəlbedici kosmik gəmi kimi görünür, həmçinin dünyanın aparıcı memarları tərəfindən yaradılan, ölkənin keçmişi, bu günü və gələcəyini vurğulayan və şəhər panoramasına füsunkarlıq qatan yeni tikililərlə isə Bakı özünün ikinci tarixi bumunu yaşayır. Bunu şəhər sakinləri də təsdiq edirlər. “Mən məktəbdə oxuyarkən hər tərəfdə postsovet ab-havası hökm sürürdü. İndi isə şəhəri tanımaq mümkün deyil. Ölkənin mədəniyyət və incəsənət sahəsində nailiyyətləri təqdim edilərək şəhərin görkəmi dəyişilib. Gələcək buradadır”, - deyə 28 yaşlı müəllimə Dilarə xanım bildirir.

Y.Palkeviç məqaləsində valehedici layihələrin şəhərin ayrılmaz hissəsini təşkil etdiyini və Bakının tam olaraq “Şərqin Parisi” adına layiq olduğunu sübut etdiyini vurğulayır.

Müəllif Bakıda fəaliyyət göstərmiş polyak memarların xidmətlərini xüsusi vurğulayaraq, həmçinin müasir memarlıq abidələrinin də ümumi şəhərin görünüşünə yeni prestij qatdığını qeyd edir. Bu abidələr arasında isə xüsusilə digər binalardan olduqca fərqlənən və dünya şöhrətli memar Zaha Hadidin müəllifi olduğu Heydər Əliyev Mərkəzini qeyd edir: “Təsiredici şüşə göydələnlər şəhərin prestijini artıraraq Bakının landşaftına uyğunlaşır. Özünəməxsusluğu ilə seçilən bina məni valeh etdi. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şərəfinə tikilmiş Heydər Əliyev Mərkəzinin strukturunun yumşaq xətləri binanın daim hərəkətdə olması təəssüratını yaradır. Səfərdən əvvəl internetdə baxdığım çoxsaylı fotoşəkillər mənə heç lazım belə olmadı, çünki şəkillər bu müasir memarlığın mirvarisinin gücünü əks etdirmir”.

Y.Palkeviç Bakı Kristal Zalını, onun yaxınlığında dünyanın ən hündürdə dalğalanan bayrağını, Bakıda keçirilən Avropa Oyunlarını, Formula-1 yarışını, Mstislav Rostropoviç adına festivalı və digər mötəbər beynəlxalq mədəniyyət tədbirlərini qeyd edərək bütün bunların sosial tərəqqinin, iqtisadi sabitliyin göstəricisi olduğunu bildirir. Müəllif, həmçinin məqalədə Bakını Dubayla müqayisə edərək Dubayın öz cah-cəlalı ilə çox yüksək təsir bağışladığını bildirsə də, Bakının İçərişəhəri kimi dəyərli yerə sahib olmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin böyük var-dövlət verə biləcəyini qeyd edir.

Gecə saatlarında da şəhərin çox füsunkar olduğunu yazan müəllif neft sənayesində şəhərin əzəmətinin yeni simvolu olan, işıqlandırılmış “Alov Qüllələri”nin əksinin Xəzər dənizi üzərindəki görüntüsünə də valeh olduğunu qeyd edir. O, həmçinin bildirir ki, bu gün necə Parisi Eyfel qülləsiz təsəvvür etmək olmur, Bakını da “Alov Qüllələri” olmadan təsəvvür etmək mümkün deyil.

Azərbaycanda mədəni və tarixi layihələrə investisiyaların yatırıldığını, turizmin inkişafı yolunda ciddi addımların atıldığını qeyd edən Y.Palkeviç iqtisadiyyatın neft sənayesindən asılılığını azaltmaq məqsədilə son illərdə qeyri-neft sənayesinin inkişafına da xüsusi diqqət göstərildiyini, kənd təsərrüfatı və yeni texnologiyalara investisiyaların artdığını vurğulayır. Müəllif bu yaxınlarda Gürcüstandan keçməklə Azərbaycanı və Türkiyəni birləşdirəcək sürətli dəmir yolu xəttinin açılmasına da çox az qaldığını qeyd edir. O, Azərbaycanda nəqliyyat daşınması sahəsində yeni layihə olan Bakı Dəniz Limanının həyata keçirilməsini də yüksək qiymətləndirir.

Y.Palkeviç Azərbaycanın multikultural və dini tolerantlıq nümayiş etdirən bir ölkə olduğunu vurğulayaraq, dövlət qurumlarında, məhkəmə və məktəblərdə heç bir dini əlamətin olmadığını qeyd edir. Həmçinin qızlar üçün ilk məktəbin hələ keçən əsrin əvvəllərində Azərbaycanda açıldığını, 1918-ci ildə isə Azərbaycanda qadınlara səsvermə hüququnun verildiyini bildirir və bunun simvolu kimi Xarici İşlər Nazirliyinin yaxınlığında ucaldılmış “Azad qadın” heykəlini xüsusi olaraq vurğulayır: “Azərbaycan müsəlmanların çoxluq təşkil etdiyi dünyəvi ölkələrdən biridir və dini tolerantlığın nümunəsi kimi özünü təqdim edir”.

Azərbaycanın qədimliyini vurğulayan Y.Palkeviç taksi sürücüsü Əlinin “Ölkəmiz qədim olmasına baxmayaraq, köhnəlmir” sözlərini qeyd edərək vurğulayır: “Həqiqətən də ölkə qədimliyi ilə fəxr edə bilər. Böyük tarix ona heç vaxt rəhm etməyib. Uzun illər işğallara məruz qalmış Azərbaycanın tarixində bu hadisələr dərin yaralar qoymaqla yanaşı, ictimai şüurda müxtəlif millətlər və dinlərlə əlaqənin möhkəmlənməsinə səbəb olan iz qoyub”.

Məqalədə Heydər Əliyev Mərkəzinin və “Alov Qüllələri”nin şəkilləri də yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.