DÜNYA
Məşhur pop ulduzu Antalyada konsert verib
Bakı, 17 avqust, Ceyhun Alışlı, AZƏRTAC
Dünya şöhrətli pop ulduz, ispaniyalı Enrike İqlesias Türkiyənin “EXPO 2016 Antalya” sərgi salonunda möhtəşəm konsert proqramı ilə çıxış edib.
Anadolu informasiya agentliyinin məlumatına görə pop ulduz “I Like How It Feels”, “Heartbeat”, “Bailamos”, “Hero” ve “Stand by Me” populyar mahnıları ilə minlərlə tamaşaçının qarşısına çıxıb.
Bir çox türkiyəli fanatları ilə səhnədə duet oxuyan ifaçı tamaşaçılarla şəkil də çəkdirərək rəqs edib. Konsert proqramı popsevərlər tərəfindən maraqla qarşılanıb.
Bu günə kimi dünyanın bir çox şəhərlərində konsert verən E.İqlesias dünyada 100 milyondan çox musiqi albomu satılan sənətkar kimi tanınır. “Rhythm Divine”, “Bailamos”, “Hero”, “Tonight”, “I like It”, “Dirty Dancer”, “I'm a Freak” kimi məşhur hit mahnıları ona saysız-hesabsız mükafatlar qazandırıb.
Qeyd edək ki, E.İqlesiasın ispan dilində olan ilk albomu 1995-ci ildə 20 yaşında işıq üzü görüb və üç həftə sonra ifaçıya “Qızıl val” mükafatı təqdim edilib.