ELM VƏ TƏHSİL
Məşhur rusiyalı jurnalist Dmitri Kiselyov Bakı Slavyan Universitetində olub
BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rusiyalı qonaq universitetin fəaliyyəti ilə tanış olub, BSU nəzdində Rusiya mədəniyyət və təhsil mərkəzinə baş çəkib.
Dmitri Kiselyovun BSU-nun tələbələri və professor-müəllim heyəti ilə görüşündə universitetin rektoru, professor Asif Hacıyev bu ali məktəbin fəaliyyəti və strukturu barədə məlumat verib. Rektor bildirib ki, bu gün unikal elm, təhsil və mədəniyyət mərkəzi olan BSU slavyan xalqlarının mədəniyyətlərini, mənəvi dəyərlərini öyrənir və təbliğ edir. Burada müxtəlif slavyan dilləri üzrə mütəxəssislər, jurnalistlər, tərcüməçilər, diplomatlar, regionşünaslar, o cümlədən rusiyaşünaslar hazırlanır.
D.Kiselyov deyib: “Bakıya bundan əvvəlki gəlişimdən 20 ildən çox keçib. Yenidən bu şəhərə gələndə sadəcə onu tanımadım. Şəhərin simasının dəyişdirilməsi üzrə intensiv iş aparılması, əhalinin həyatının keyfiyyətinin yaxşılaşması, müxtəlif sahələrdə sürətli inkişaf hiss olunur. Hesab edirəm ki, indi MDB məkanındakı bütün ölkələr arasında Azərbaycan ən “rusdilli” ölkədir. Bu, sizin yüksək tolerantlığınıza sübutdur”. Qonaq qeyd edib ki, Azərbaycanda rus dilinin vəziyyəti və statusu barədə kifayət qədər məlumatı var.
Rusiyalı qonaq Azərbaycana səfərinin məqsədi barədə sualın cavabında deyib ki, onun səfəri ilk növbədə ölkələrimizin kütləvi informasiya vasitələri arasında əməkdaşlığın daha da genişlənməsi və dərinləşməsi ilə bağlıdır.
D.Kiselyov müəllimlərin və tələbələrin dünyada və Rusiyada siyasi vəziyyət, müasir jurnalistikanın problemləri barədə bir sıra başqa suallarına da cavab verib.