MƏDƏNİYYƏT
Məşhur sənətkarlar Bakıdadır
Bakı,18 noyabr, AZƏRTAC
Məşhur türk aktrisası Türkan Şoray Xəzər Universitetinin dəvəti ilə Azərbaycana gəlib. Aktrisa ilə birgə azərbaycanəsilli məşhur fransalı aktyor, rejissor və ssenarist Robert Hossein də paytaxtımızın qonağıdır.
AZƏRTAC xəbər verir ki, hər iki sənətkar Xəzər Universitetinin Avrasiya Akademiyasının üzvlük diplomu və “Avrasiya Əfsanəsi” mükafatına layiq görülüblər.
Türkan Şoray Avrasiya Akademiyasına üzv seçilən və “Avrasiya Əfsanəsi” mükafatına layiq görülən ilk qadındır.
Səfər çərçivəsində qonaqların Xəzər Universitetinin tələbələri ilə görüşü təşkil olunub.
Tədbirdə universitetin rektoru, professor Hamlet İsaxanlı Avrasiya Akademiyasının yaranması və inkişafı haqqında məlumat verib. Qeyd edib ki, 2012-ci ildə yaradılan Avrasiya Akademiyası təbiət elmləri və texnologiya, humanitar və sosial elmlər, ədəbiyyat, incəsənət və musiqi kimi sahələri əhatə edir. Bu sahələrdə yüksək nailiyyətləri müstəqil və obyektiv şəkildə dəyərləndirmək akademiyanın əsas fəaliyyət istiqamətlərindəndir.
Məşhur sənətkarların həyat yolundan bəhs edən rektor bildirib ki, onların zəngin yaradıcılığı gənc nəsil üçün örnəkdir.
Türkiyəli aktrisa Bakıya gəlməkdən məmnun olduğunu deyib: “Yenidən bu şəhərdə olduğum üçün çox sevinirəm. Burada insanların sevgisini hiss edirəm. Bu, məni çox sevindirir. Bütün azərbaycanlıları çox sevirəm”.
Fransalı aktyor Robert Hossein tələbələrlə görüşündən məmnunluğunu ifadə edib.
Qonaqlar gənclərin çoxsaylı suallarını cavablandırıblar.
Tədbirdə hər iki sənətkarın həyat və yaradıcılıqlarına həsr olunan filmlər nümayiş olunub.