MƏDƏNİYYƏT
Məşhur türk sənətçisi Murat Boz Nizami Kino Mərkəzində
Bakı, 22 dekabr, AZƏRTAC
Milli və xarici filmlərin təqdimatlarının bir nömrəli məkanı olan Nizami Kino Mərkəzində dekabrın 22-də “Hadi İnşallah” filminin qala – gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, rejissor Ali Taner Baltacının lentə aldığı bu romantik komediya, Pucca adlı qızın həyatından bəhs edir. Dörd il Ankarada bərabər olduğu sevgilisindən ayrılan Pucca, İzmirə ailəsinin yanına qayıdır. Gəlməyən telefon zənglərini gözləyərkən özünə və evə qapanan gənc qadın çətin ayrılıq yaşamaqdadır. Ailəsi onu bu vəziyyətdən çıxarmaq üçün məcburi yerli telekanalların birinə iş görüşünə göndərir. İstəmədən getdiyi məkanda yaraşıqlı “Pekmez” ləqəbli oğlanla qarşılaşan Puccanın həyatına yeni gün doğur.
Qala–gecəsində baş qəhrəmanları canlandıran aktyorlar Murat Boz, Büşra Pekin və filmin yaradıcı qrupunun digər üzvləri iştirak ediblər.
Filmi izlədikdən sonra media üçün mətbuat konfransı keçirilib.
Konfransda Burat Boz, Büşra Pekin və Ali Taner Baltacı iştirak edib.
Qonaqlar azərbaycanlı tamaşaçılara onlara göstərdikləri diqqətə görə təşəkkür ediblər.
Sonra jurnalistlərin sualları cavablandırılıb.