İDMAN
Məşqçi Natiq Fazilov: Oxatanlarımız gənc olsalar da, nüfuzlu rəqiblərindən çəkinmirlər
Bakı, 6 may, Ceyhun Rüstəmov, AZƏRTAC
Artıq “Bakı-2015” Avropa Oyunlarına sayılı günlər qalıb. Hər ötən gün bizi bu mötəbər idman tədbirinə yaxınlaşdırır. Milyonlarla idman həvəskarının böyük maraqla gözlədiyi Avropa Oyunları təkcə ilk dəfə keçirilməsi ilə deyil, həm də miqyasına görə cəlbedicidir. Təsəvvür edin, 50 ölkədən 3 min idmançının qatılacağı yarışlarda Olimpiya, dünya və Avropa çempionları ilk Avropa Oyunlarının medallarını qazanaraq tarixə düşmək üçün mübarizə aparacaqlar. Kamandan oxatma üzrə yarışlar da bu baxımdan istisna deyil. Bu yarışlarda Sloveniya, Norveç, Danimarka, Gürcüstan, Böyük Britaniya, Yunanıstan, İsveçrə, Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Estoniya, Finlandiya, İrlandiya, Latviya, Rumıniya, Slovakiya, İsveç və digər ölkələrdən dünya səviyyəli oxatanlar iştirak edəcəklər.
Azərbaycanlı oxatanlar “Bakı-2015”-ə səylə hazırlaşırlar. Komandanın məşqçisi Natiq Fazilov AZƏRTAC-a bildirib ki, birinci Avropa Oyunlarında Azərbaycanı altı idmançı (üç qadın və üç kişi) təmsil edəcək. Onların arasında Roman Vengerov, Aleksey Kopnin, Leyla Fazilova kimi tanınmış idmançılar, Azərbaycan çempionları, müxtəlif turnirlərin qalibləri yer alır: “İdmançılarımız gənc olsalar da, nüfuzlu rəqiblərindən çəkinmir və uğura imza atmaq üçün qızğın məşq edirlər. Məşqlərin sıxlığı getdikcə artır. Hər bir potensiala malik idmançının üzərində xüsusi işlənilir. Texnikanın zəif olduğu yerlər araşdırılır və onları aradan qaldırmaq üçün məşq keçirilir”.
N.Fazilov vurğulayıb ki, Avropa Oyunlarında oxatanlar həm təkbətək, həm üç nəfərlik komanda, həm də qarışıq şəkildə yarışacaqlar. Yarışlarda müxtəlif ölkələrin adlı-sanlı idmançılardan ibarət 16 qadın və 13 kişi komandası iştirak edəcək.
“Bakı-2015” Avropa Oyunlarında köhnə qitənin ən sərrast oxatanları öz məharətlərini nümayiş etdirəcəklər. Yarışlar iyunun 16-dan 22-dək Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Avropa Oyunları oxatma üzrə yarışan idmançılara “Rio-2016” Yay Olimpiya Oyunlarına kvalifikasiya imkanları yaradır.
N.Fazilov əminliklə deyib: “Ölkəmizi təmsil edəcək hər bir idmançı bacardığı qədər yüksək xal toplamaq üçün yarışacaq. Həm şəxsi, həm də komanda hesabında medal qazanmaq üçün var gücümüzü ortaya qoyacağıq”.