İQTİSADİYYAT


Məsud Kərbasian: İran qonşu Azərbaycanla əlaqələri əməldə inkişaf etdirməkdə maraqlıdır

A+ A

Tehran, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) ilə İran İslam Respublikası Gömrük İdarəsi arasında “Məlumat mübadiləsi sistemi üzrə texniki təminat” sənədinin imzalanması iki ölkənin gömrük orqanlarını vahid bir sistemdə birləşdirəcək.

Bu sözləri İran Gömrük İdarəsinin rəhbəri Məsud Kərbasian Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Gömrük Xidməti Rəhbərlərinin 7-ci görüşündən sonra yerli mətbuata açıqlamasında deyib.

İdarə rəhbəri bildirib ki, bu sənədin imzalanması ilə iki ölkə arasındakı ticarət mübadiləsi asanlaşacaq, gömrük sənədlərinin rəsmiləşdirilməsi sürətlənəcək.

M.Kərbasian qeyd edib ki, iki ölkənin dəmir yolu xətlərinin birləşdirilməsi ilə bağlı işlər davam edir. Bu yolla İran Azərbaycan vasitəsilə Avropaya çıxış imkanı əldə edəcək. İki ölkə arasındakı yük daşımaların, o cümlədən tranzit daşımaların həcmi artacaq. Bu baxımdan dəmir yolu xətlərinin birləşməsi olduqca vacibdir. Hər iki ölkə ticarət dövriyyəsinin artmasında maraqlıdır. Hər iki ölkənin Prezidenti əlaqələrin inkişafında israrlıdır. Hazırda iki ölkə arasında əlaqələr yaxşı səviyyədədir. Biz qonşu Azərbaycanla əlaqələri əməldə inkişaf etdirməkdə maraqlıyıq.

Xatırladaq ki, oktyabrın 19-da Tehranda İƏT-ə üzv ölkələrin Gömrük Xidməti Rəhbərlərinin 7-ci görüşü keçirilib. Görüş çərçivəsində Azərbaycan Dövlət Gömrük Komitəsi ilə İran Gömrük İdarəsi arasında “Məlumat mübadiləsi sistemi üzrə texniki təminat” sənədi imzalanıb. Sənədi Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və İran Gömrük İdarəsinin rəhbəri Məsud Kərbasian imzalayıblar.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.