İQTİSADİYYAT
“Məsuliyyətli Mikromaliyyəyə aparan yol” mövzusunda 4-cü İnvestorlar Yarmarkası təşkil edilib
Bakı, 9 oktyabr, Ramiz Quliyev, AZƏRTAC
Oktyabrın 9-da Azərbaycan Mikormaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə “Məsuliyyətli Mikromaliyyəyə aparan yol” mövzusunda 4-cü İnvestorlar Yarmarkası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, yarmarkanın məqsədi mikromaliyyə təşkilatları, banklar, kredit ittifaqları, investorlar və xidmət təminatçıları arasında əlaqələrin yaradılmasıdır.
Tədbirdə çıxış edən AMFA-nın icraçı direktoru Jalə Hacıyeva bildirib ki, məsuliyyətli maliyyələşmə bu gün Azərbaycan üçün aktual mövzudur və biznesin ölçülmə meyarı olmaqla, heç bir zaman bitməyən bir prosesə çevrilməlidir.
Məsuliyyətsiz mikromaliyyənin təşkilatlar və müştərilər üçün problemlər yaratdığını söyləyən J.Hacıyeva deyib ki, 3 əsas strategiya məsuliyyətli maliyyənin irəli getməsinə kömək edə bilər. Onlardan biri də maliyyə sahəsində səlahiyyətli dövlət qurumları tərəfindən pərakəndə qiymətlərin şəffaf şəkildə təmin edilməsinə zəmanət verən qaydalardır ki, bu da istehlakçı müdafiəsinin tənzimlənməsi və nəzarətidir.
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə müasir dövrümüzün aktual problemlərinə həsr olunan belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, əsas hədəf Azərbaycanda yeni iş yerlərinin yaradılması, kiçik biznesin inkişafıdır ki, bu sahədə münbit şərait mövcuddur. Son dövrlər respublikada müasir infrastruktur layihələri həyata keçirilib, beynəlxalq standartlara uyğun yollar salınıb, su, enerji və qaz təchizatı sahəsində irimiqyaslı işlər görülüb. Ümumilikdə isə dövlət səviyyəsində həyata keçirilən bu tədbirlər xalqımızın maddi rifahının yaxşılaşdırılmasına xidmət edir.
Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayev ölkədə sahibkarlığın inkişafına xüsusi qayğı göstərildiyini bildirib. Qeyd olunub ki, qanunvericilik bazasının təkmilləşdirilməsi, vergi sistemində aparılan mütərəqqi islahatlar sahibkarlığın inkişafına geniş imkanlar açır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionlarında həyata keçirilən dövlət proqramları, irimiqyaslı layihələr nəticəsində qeyri-neft sahələrinin inkişafı istiqamətində ciddi addımlar atılıb. Bununla da, ölkədə yeni iş yerləri açılmaqla, əhalinin məşğulluğu artıb və yoxsulluğun səviyyəsi aşağı düşüb.
Tədbirdə vurğulanıb ki, İnvestorlar Yarmarkası maliyyə qurumları üçün digər partnyor təşkilatlar ilə ünsiyyətdə olmaq, ideya və təcrübələrini bölüşmək, potensial biznes əlaqələri yaratmaq, yeni ideyaları üçün maliyyələşmə təməlləri axtarmaq məqsədilə əvəzsiz imkandır.
Yarmarkanın ilk hissəsi “İnnovativ Məhsullar və Bazar Tədqiqat”ına həsr edilmiş iki plenar sessiyadan təşkil olunub. Burada müştərilər və potensial müştərilərin spesifik bazar seqmentində nəyə ehtiyacları olması müzakirə edilib.
Tədbir “Accessbank” və “Bank of Baku”nun tərəfdaşlığı ilə keçirilir.