İQTİSADİYYAT


Metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya həyata keçiriləcək

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların sürətləndirilməsi, ölkənin metallurgiya kompleksinin sağlamlaşdırılması və restruktizasiyası, bu sahəyə investisiyaların cəlb edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncam da bu tədbirlərin davamıdır.

Sərəncamda “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 2.2.19-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Polad İstehsalı Kompleksinə daxil edilmiş “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirməyə çıxardılması və Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilməsi nəzərdə tutulur.

“Daşkəsən Filizsaflaşdırma” ASC-nin balansında olan əmlakla birlikdə Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına verilməsi ilə əlaqədar təhvil-təslim işlərinin bir ay müddətində başa çatdırılması və Sərəncamdan irəli gələn digər məsələlərin həll edilməsi isə Nazirlər Kabinetinə həvalə edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsini ehtiva edən bu Sərəncam adıçəkilən qurumun mənfəətliyini təmin etmək və səmərəliliyinin artırılması məqsədini daşıyır. Bu məqsədlə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən investisiya müsabiqəsinin dövlətin strateji maraqlarına uyğun şərtlərlə və daha səmərəli keçirilməsi üçün nüfuzlu məsləhətçi şirkətlərin cəlb edilməsi planlaşdırılır.

Müəssisənin dövlətə məxsus səhmlərinin effektiv şəkildə özəlləşdirilməsi zamanı yerli investorlarla yanaşı, xarici investorların da iştirakına icazə verilməsi, bu sahəyə yönəldilmiş xarici investisiyaların cəlb edilməsini təmin etməklə qara metallurgiya sənayesinin inkişafına müsbət təsir göstərəcək. Bu da öz növbəsində istehsal prosesində yeni texnologiyaların cəlb edilməsi və bilavasitə istehsal edilmiş məhsulların maya dəyərini aşağı salaraq rəqabət qabiliyyətini artıracaq. İstehsal prosesinin effektiv şəkildə təşkil edilməsi isə orta müddətli dövr ərzində ticarət dövriyyəsinin və bilavasitə büdcəyə daxilolmaların həcminin artmasına şərait yaradacaq.

Bundan əlavə, dövlət əmlakının özəlləşdirilərək idarəetmənin biznes qaydalarına uyğun olaraq daha effektiv şəkildə koordinasiya edilməsi, dövlət xərclərinin azaldılması sahəsində əhəmiyyətli töhfə verməklə yanaşı, region üzrə məşğulluğun artırılmasında da xüsusi rol oynayacağı gözlənilir.

Metallurgiya sənayesinin inkişafı, həmçinin Azərbaycanda təchizatçı sektorların inkişafına, idxaldan asılılığın azaldılmasına, rəqabətqabiliyyətli və ixrac potensiallı məhsulların istehsalına böyük təkan vermiş olacaq. Bununla yanaşı, bu Fərmanla metallurgiya sənayesində kiçik və orta sahibkarlığın inkişafı da təmin edilmiş olacaq ki, bu da iqtisadi islahatların transmissiya effektini artıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.