REGİONLAR


Mətbəximizdə ən çox istifadə olunan kartofun yaxşısını necə seçmək və bişirmək olar?

Bakı, 7 iyul, Ceyhun Rüstəmov, AZƏRTAC

Kartofu adətən ikinci çörək adlandırırlar. Süfrələrimizi onsuz təsəvvür etmək mümkün deyil. Onun ləzzəti yetişdiyi torpağın növündən, iqlim və qulluq şərtlərindən asılı olaraq dəyişir. Tərkibindəki nişastanın miqdarına görə bəzi kartoflar yeməklər, bəziləri də məhz qızartmalar üçün münasibdir. Bəs mətbəximizdə ən çox istifadə olunan kartofun yaxşısı necə seçilir və necə bişirilir?

Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi Mənzər Nəsibova AZƏRTAC-a bildirib ki, kartof bitkisi Azərbaycana XVIII əsrin sonlarında Qafqaza köçürülən ruslar tərəfindən gətirilib və dağ rayonlarında geniş yayılıb. Əsasən dağlıq və dağətəyi rayonlarda və dəmyə şəraitində becərilən kartof mətbəx üçün keyfiyyətli sayılır: “Kartofun ən yaxşısı dedikdə, üst qabığı hamar, gözcükləri dayaz, nişastası 15-17 faiz olan sortlar nəzərdə tutulur. 15-16 faiz olanlar mətbəx üçün yararlıdır. 17-20 faiz olan sortlar isə tez dağıldığından mətbəxdə püre hazırlamaq üçün istifadə edilir. Nişastanın miqdarı 20-25 faiz təşkil edən sortlardan isə nişasta və spirt istehsalında istifadə olunur.”

M.Nəsibova mətbəxdə kartofdan necə istifadə olunması barədə danışarkən deyib: “Nişastasının miqdarı az olan sortlar asan dağıldığı üçün adətən onların salatlarda və sobada bişirilən yeməklərdə istifadəsinə üstünlük verilir. Bəzən insanlar çiy kartofu soyduqda onun qaralmasından şübhələnirlər. Amma şübhəyə ehtiyac yoxdur, bu, kartofun tərkibindəki karbohidratın oksigenlə qarşılıqlı təsirindən yaranır. Əgər kartofun qaralmasını istəmirsinizsə, onu soyuq su içərisində saxlamaq lazımdır. Bəzən isə kartofu qaynatdıqdan sonra boz rəng alır. Bunun olmaması üçün suya bir az limon suyu əlavə etmək lazımdır. Kartof qızartmasına gəldikdə, xırtıldayan kartof qızartması hazırlamaq üçün kartofları 1 saat soyuq suda saxlayıb, sonra qurulayaraq bişirmək lazımdır”.

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun böyük elmi işçisi, kartof şirəsinin mədə-bağırsaq xəstəliyinin müalicəsində də istifadə olunduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.