SİYASƏT
Mətbuat Şurası: Mitinqi işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun sentyabrın 11-də metronun "İnşaatçılar" stansiyasının yaxınlığındakı "Məhsul" stadionunda keçirdiyi mitinqi işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Mətbuat Şurasından məlumat verilib. Məlumatda bildirilir ki, aksiya zamanı jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparılıb. Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə təşkil etdiyi monitorinq qrupuna bununla bağlı hər hansı müraciət edilməyib.
Monitorinq qrupunun üzvləri mitinqi işıqlandıran jurnalistlərin çox az qisminin üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb. Onlar bununla bağlı müvafiq tövsiyələrini veriblər.