CƏMİYYƏT
Mətbuat Şurası referendumda jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinqini başa çatdırıb
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Mətbuat Şurası sentyabrın 26-da keçirilmiş referendumda jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri istiqamətindəki monitorinqini başa çatdırıb.
Şuradan AZƏRTAC-a bildiriblər ki, monitorinq iki istiqamətdə aparılıb. Şuranın İdarə Heyətinin üzvləri gün ərzində istər paytaxtda, istərsə də bölgələrdəki dairə və məntəqə komissiyalarında olublar. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Nəsimi və Nərimanov, sədrin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Binəqədi, sədrin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Suraxanı, İdarə Heyətinin üzvləri – Milli Məclisin deputatı Aqil Abbas Səbail, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xətai, “APA Holdinq”in rəhbəri Vüsalə Abışova Sabunçu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Yasamal, Nizami və Nəsimi, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Səbail, Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət Xətai, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Yasamal, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayıl Səbail, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev Sabunçu, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə Salyan və Neftçala rayonlarındakı məntəqələrə baş çəkiblər. Onlar medianın sərbəst şəkildə səsvermənin gedişini işıqlandırdıqlarının şahidi olublar. Hər hansı nöqsan qeydə alınmayıb. Eyni zamanda, jurnalistlər üçün fəaliyyət göstərməyə yaradılan şərait və imkan da qənaətbəxş qiymətləndirilib.
Monitorinqin digər istiqamətini “qaynar xətt” rejimi təşkil edib. Mətbuat Şurasının 012 441 35 30 nömrəli şəhər, 055 201 99 26 saylı mobil telefon nömrəsi saat 8.00-dan 19.00-dək bu rejimdə fəaliyyət göstərib. Peşə vəzifəsini yerinə yetirən jurnalistlər tərəfindən “qaynar xətt”ə hər hansı müraciət daxil olmayıb.
Qeyd edək ki, Mətbuat Şurası bu gün jurnalistlərin referendumu sərbəst şəkildə işıqlandırmalarını təmin etmək üçün Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və müvafiq dövlət qurumları ilə sıx əlaqədə olub. Bu, medianın peşə vəzifəsinin icrası ilə bağlı hər hansı çətinliyi yaranacağı təqdirdə onun dərhal aradan qaldırılması məqsədilə edilib.