CƏMİYYƏT
Mətbuat Şurasında jurnalist, şair-publisist Fikrət Mursaqulovun xatirəsi anılıb
Bakı, 31 may, AZƏRTAC
Mayın 31-də Azərbaycan Mətbuat Şurasında dünyasını vaxtsız dəyişmiş istedadlı jurnalist, şair-publisist Fikrət Mursaqulovun xatirəsi anılıb.
Tədbirdə nakam şairin rus dilinə tərcümə edilmiş “Təsəlli” (“Uteşeniye”) kitabı oxuculara təqdim olunub.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gözdən əlil olsa da 34 illik ömründə özünü ədəbi-bədii aləmə istedadlı yazar, millətsevər ziyalı kimi tanıtmış Fikrət Mursaqulovun xatirəsini unudulmaz edən dəyərlərdən danışıb.
Dilçi ədəbiyyatşünas İlham Abbasov mərhum dostunun ömür yolu və bənzərsiz yaradıcılığı, təqdim olunan kitab barədə məlumat verib.
Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu Fikrət Mursaqulovun ədəbi -estetik idealının mükəmməlliyini və milliliyini qeyd edib.
Xatirə günündə Fikrət Mursaqulovun tələbəlik dostları Məzahir Süleymanzadə, Fimar Asimqızı, Aybəniz Məmmədəliyeva, Namiq Əhmədov, Tahir Aydınoğlu, Qardaşxan Əzizxanlı, Həzi Həsənli və başqaları xatirələrini bölüşüblər.
Fikrətin orta təhsil aldığı gözdən əllilər məktəbinin yetirmələri, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmiyar Abdullayev, Giya Paçxataşvili, Rasim Məmmədov istedadlı jurnalistin ömür yolunun onlar üçün həyat sevgisi dolu parlaq örnək olduğunu bildiriblər.
“Təsəlli” kitabını rus dilinə Fikrət irsinin qoruyucusu, şair-tərcüməçi Giya Paçxataşvili çevirib. Nəşrin redaktoru İlham Abbasovdur. Mətbuat Şurasının sədri Əflatun Amaşov kitaba ön söz yazıb.