CƏMİYYƏT
Mətbuat Şurasının Ali Media Mükafatının laureatları müəyyənləşib
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatının mükafat komissiyasının iclası keçirilib. Şuranın İdarə Heyətinin üzvlərindən ibarət komissiya mükafatın 2016-cı il üçün laureatlarının müəyyənləşdirilməsi məsələsini nəzərdən keçirib.
Ali Media Mükafatı Mətbuat Şurasının İdarə Heyətinin 2010-cu il 6 iyul tarixli iclasının qərarı ilə təsis edilib. Mükafatın Əsasnaməsinə uyğun olaraq, Azərbaycanda jurnalistikanın inkişafı sahəsində çoxillik xidmətləri olan, səmərəli fəaliyyətini indi də davam etdirən, həmçinin mediamızın çağdaş problemlərinin həllində təşəbbüskarlığı və təşkilatçılığı ilə fərqlənən şəxslərin əməyinin qiymətləndirilməsi əsas götürülüb.
Hər il 22 iyul - Milli Mətbuat Günündə təqdim olunan mükafatın 3 dərəcəsi var. İclasda birinci dərəcə üzrə 1, ikinci dərəcə üzrə 2, üçüncü dərəcə üzrə 5 laureat müəyyənləşdirilib.
Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə laureatların hər biri min, 2-ci dərəcəsi üzrə 2 min, 1-ci dərəcəsi üzrə isə 5 min manat pulla mükafatlandırılıb.
Mükafatın 1-ci dərəcəsi üzrə laureat yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevadır. O, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin yaradıcılığından bəhs edən “İşığa gedən yol” romanına görə təltif edilib.
İkinci dərəcə üzrə laureatlar - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Azərbaycan həqiqətlərinin təbliğindəki xidmətlərinə, Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənov media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Ali Media Mükafatının 3-cü dərəcəsi üzrə isə media sahəsindəki uzunmüddətli səmərəli fəaliyyətlərinə görə “525-ci qəzet”in baş redaktorunun müavini Seyfəddin Hüseynli, “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxan, jurnalist-publisist Aida Eyvazova, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, jurnalist-publisist
Rəşid Hüseynov təltif ediliblər.