CƏMİYYƏT


Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının   iclası keçirilib

Bakı, 28 iyul, AZƏRTAC

İyulun 28-də Azərbaycan Mətbuat Şurasının (MŞ) şikayətlər üzrə komissiyasının iclası keçirilib.

Mətbuat Şurasından AZƏRTAC-a verilən məlumata görə, komissiya sədri, MŞ sədrinin müavini Müşfiq Ələsgərli gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

İclasda əvvəlcə “Oba” MMC-nin “Anaxeber.az” saytına qarşı şikayətinə baxılıb. Müzakirələr gedişində rəyə gəlinib ki, “Anaxeber.az” saytı “Oba” MMC-yə məxsus marketlə bağlı material təqdim edərkən peşə davranışı qaydalarını pozub. Sayt qarşı tərəfin mövqeyini öyrənməyib. Buna görə də ona təkzib mətninin dərci tövsiyə olunub.

Bakı şəhər sakini Zülbalıyev Asim İslam oğlunun “Son söz” qəzeti və “Milli.TV” saytı ilə bağlı şikayətinin müzakirəsi zamanı aydınlaşdırılıb ki, eyni mərkəzdən idarə olunan iki media orqanının bu və ya digər şəxslər arasındakı mübahisəli durumları işıqlandırmaq tərzi heç də peşə prinsiplərinə uyğun gəlmir. Burada qarşı tərəfin mövqeyi nəzərə alınmır. Eyni zamanda, cavabdeh özünün kütləvi informasiya vasitəsi kimi statusunu müəyyənləşdirə bilmir. Buna görə də “Son söz” qəzeti rəhbərliyinə fəaliyyətində ciddi dönüş yaratmaq tövsiyə olunub.

Bakı şəhərinin Suraxanı rayonunun sakini Yelena Smakinanın “İnterpress.az” saytı ilə bağlı şikayətinin müzakirəsi sonrası belə rəyə gəlinib ki, sözügedən sayt Y.Smakina haqqındakı materialın həcmi qədər təkzib mətni yayımlamalıdır.

Vətəndaş Gülşən Tofiqqızının müxtəlif kütləvi informasiya vasitələrində yer almış müsahibələr və digər janrlı materiallarda məşhur Azərbaycan milyonçusu Musa Tağıyevlə bağlı tarixi faktların saxtalaşdırıldığını iddia edən şikayəti ətrafında gedən müzakirələrin yekununda komissiya bu qənaətə gəlib ki, G.Tofiqqızına haqqında söz açdığı həqiqətlərin ictimaiyyətə açıqlaması üçün müvafiq şərait yaradılmalıdır. Mövcud xüsusda Mətbuat Şurasının şikayətçiyə müvafiq kömək göstərəcəyi bildirilib.

İclasda “Azərkontrakt” Səhmdar Cəmiyyətinin Avtomobil Nəqliyyatı Təsərrüfatı kollektivinin “Təzadlar” qəzetinin saytında yayımlanan materialla bağlı şikayəti də müzakirə olunub. Qəzetə məsələyə dair təkzib mətninin dərci tövsiyə edilib.

Beyləqan şəhər sakini Zeynalov Anar Ədalət oğlunun “xalqınsesi.com” saytına qarşı şikayətinin Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclasında müzakirəsi qərara alınıb.

Qafqaz Xəbər Agentliyinin “topxeber.com” və “pressday.az” saytlarına qarşı şikayəti tərəflər arasında anlaşma əldə olunduğu üçün qapanmış sayılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.