CƏMİYYƏT
Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının iclası keçirilib
Şura sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlunun rəhbərlik etdiyi komissiya 4 məsələni araşdıraraq müvafiq rəylər çıxarıb.
Şuradan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Gəncə Dövlət Universitetinin tarix–coğrafiya fakültəsinin dekanı Həsənbala Sadıqovun “M-Media.az” saytı ilə bağlı müraciətinə baxılıb. Şikayətçinin və cavabdeh tərəfin nümayəndəsi, narazılıq doğuran yazının müəllifi Mehriban Əzizqızının məsələ barədə mövqeyi müəyyənləşdirildikdən sonra komissiya üzvlərinin fikir və mülahizələri səslənib. Komissiya belə bir rəyə gəlib ki, həmin materiallarda sivil jurnalistikanın tələblərinə tam etinasız yanaşılıb. Yazıda H.Sadıqovun şərəf və ləyaqəti, işgüzar nüfuzu təhqirlərə məruz qalıb. Komissiya üzvləri məqalədə qəzəbin, qərəzin, məqsədyönlü təqdimatın özünü qabarıq büruzə verdiyi rəyinə gəliblər.
Bütün bunların yolverilməzliyi M.Əzizqızının nəzərinə çatdırılsa da o, iradlarla razılaşmayıb, məsələnin hüquqi müstəvidə də araşdırılmasına hazır olduğunu deyib. Komissiyanın rəyində jurnalist etikasına bu cür yanaşmanın “M-Media.az” xəbər portalının qüsurlu fəaliyyətindən irəli gəldiyi ifadə olunub. Sayta Mətbuat Şurasının ciddi xəbərdarlığı elan edilib. Şikayətçiyə isə tövsiyə olunub ki, məsələ hüquqi müstəvidə də araşdırıla bilər.
Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin “Avtomobil Yük Daşımalarının Təşkili” MMC-nin “Rakurs” qəzetindən şikayətinin müzakirəsi bu kütləvi informasiya vasitəsinə Mətbuat Şurasının xəbərdarlığının olunması ilə yekunlaşıb. Bildirilib ki, mətbu nəşrin rəhbərliyi şikayət doğuran materialda öz maraqları ilə bağlı məsələni qaldırmaqla vəzifə səlahiyyətindən sui-istifadə edib. Eyni zamanda, yazıda balansla yanaşı, etik prinsiplərin digər tələbləri də gözlənilməyib.
Komissiya şikayətçi tərəfə tövsiyə edib ki, ictimai rəyi narahat edən bu kimi məsələlərlə bağlı mətbu çıxışlara diqqətlə yanaşsın, məsələnin mahiyyətinə aydınlıq gətirsin.
Beyləqan Rayon Təhsil Şöbəsinin “yeniaxtaris.az” saytı ilə bağlı müraciəti əsasında çıxarılan rəydə də cavabdeh tərəfə mətbu yazılarda etik prinsiplərin tələblərinin gözlənilməsi tövsiyə olunub. Saytın nəzərinə çatdırılıb ki, şöbə rəhbərliyi barədə yayımlanmış bəzi materiallarda təhqir elementləri, reallığa söykənməyən məqamlar yer alıb. Sayt gələcək fəaliyyətində bu kimi halların təkrarına yol verməməlidir.
İclasda bəzi KİV-lərdə tanınmış insanların adlarının əsassız kriminal xarakterli yazılarda qabardılmasından narahatlıq ifadə olunub. Birinci qrup Qarabağ müharibəsi əlili, məcburi köçkün Lazım Əliyev də Şuraya müraciətində mediada bu tipli materialların təqdimatına etirazını bildirib.
Mətbuat Şurası məsələ ilə bağlı müvafiq tədbirlər görüb, gələcəkdə bu tipli yazıların təkrar olunmaması üçün KİV-lərə tövsiyəsini verib.