SİYASƏT
Mətbuat nümayəndələri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Bakı, 22 iyul, AZƏRTAC
İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 142-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, həmçinin media qurumlarının rəhbərləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.
Sonra “Əkinçi” qəzetinin yaradıcısı, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı önünə əklil qoyulub, xatirəsi ehtiramla anılıb.
Həsən bəy Zərdabinin məzarı önündə çıxış edən Əflatun Amaşov milli mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışıb. O qeyd edib ki, 1875-ci il iyulun 22-də maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə öz maarifçilik xüsusiyyətləri ilə seçilib. O bildirib ki, bu qəzet məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib.
Çıxış edən Vüqar Səfərli bildirib ki, Həsən bəy Zərdabinin arzuları bu gün Azərbaycanda həyata keçib. “Həsən bəy Zərdabi Azərbaycanda söz, mətbuat azadlığının olmasını arzulayırdı. Böyük mütəfəkkirin bu arzusu artıq Azərbaycanda reallığa çevrilib, ölkəmizdə medianın inkişafı, söz və mətbuat azadlığının təmin olunması istiqamətində böyük işlər görülüb, dövlət mətbuata hərtərəfli diqqət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Jurnalistlər üçün iki binanın tikilməsi və üçüncü binanın təməlinin qoyulması bunun bariz nümunəsidir”,- deyə V.Səfərli vurğulayıb.