İQTİSADİYYAT
Metrologiya sahəsinin təkmilləşməsi bazar iqtisadiyyatı şəraitində xüsusi əhəmiyyət kəsb edir
Bakı, 27 aprel, AZƏRTAC
Bakı şəhərində MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Metrologiya üzrə Elmi-Texniki Komissiyasının 41-ci və “Nəzəri Metrologiya” üzrə işçi qrupun 15-ci iclası öz işə başlayıb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycanla yanaşı Rusiya, Belarus, Ukrayna, Qazaxıstan və Qırğızıstanın standartlaşdırma üzrə milli orqanlarının, Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın və Avrasiya İqtisadi Komissiyasının nümayəndələri iştirak edirlər. İclasda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin metrologiya şöbəsinin müdiri Elçin Abbasov metrologiya sahəsində qurulmuş beynəlxalq və regional əməkdaşlıqdan, bu sahədə əldə olunan uğurlardan danışıb. E. Abbasov vurğulayıb ki, metrologiya sahəsinin inkişafı və təkmilləşməsi nəticəsində səmərəliliyinin artırılması bazar iqtisadiyyatı şəraitində xüsusi əhəmiyyət kəsb edir. İstər dövlət maraqları, istərsə də biznes mühitinin yaxşılaşdırılması və xarici investisiyaların cəlb olunması baxımından beynəlxalq təşkilatlarla qurulan əlaqələr və belə tədbirlərin ölkəmizdə keçirilməsi təqdirəlayiqdir.
Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın məsul katibi Nikolay Soneç də çıxış edərək beynəlxalq təşkilatların tədbirlərinə ev sahibliyi təcrübəsinə mükəmməl yiyələnmiş Azərbaycanda olmaqdan məmnunluq ifadə edib və metrologiya sahəsinin inkişafı üçün ölkələr və təşkilatlar arasında iş və fikir mübadiləsinin aparılmasının vacib olduğunu bildirib.
Dövlətlərarası Şuranın Metrologiya üzrə Elmi-Texniki Komissiyasının 41-ci və “Nəzəri Metrologiya” üzrə işçi qrupun 15-ci iclası çərçivəsində ölçmə vasitələrinin yoxlanılması, kaliblənməsi, metroloji attestasiyası, sınaqların nəticələrinin tanınması, dövlətlərarası və COOMET təşkilatları arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üzrə protokolun həyata keçirilməsi və digər cari məsələlər müzakirə edilib.
Tədbir aprelin 29-dək davam edəcək.