İQTİSADİYYAT


Metrologiyanın dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında rolu böyükdür

Bakı, 19 may, AZƏRTAC 

Sənaye və ticarət, səhiyyə və ekologiyanın mühafizəsi, müdafiə və təhlükəsizlik, energetika ölçmələrinin dəqiqliyindən və vəhdətindən asılıdır.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bunu mayın 19-da Azərbaycan Metrologiya İnstitutunun təşkilatçılığı ilə Ümumdünya Metrologiya gününə həsr olunmuş tədbirdə komitənin aparat rəhbəri Arif Əşrəfov deyib.

Ticarətdə texniki maneələrin aradan qaldırılması məqsədilə keyfiyyət infrastrukturu sahəsinin mühüm qolu olan metrologiyanı vacib sahə hesab edən Arif Əşrəfov müasir dövrdə metrologiyanın – ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında rolunun böyük olduğunu qeyd edib.

Bu sahəyə dövlət tərəfindən xüsusi diqqətin olduğunu bildirən aparat rəhbəri əlavə edib ki, metrologiya sahəsində dövlət siyasətini həyata keçirən komitənin fəaliyyət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli Fərmanına uyğun olaraq “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi təsis edilib. Bundan başqa, qeyri-neft ixrac potensialının gücləndirilməsi məqsədilə ölçmələrin xarici ölkələrdə tanınması, həmçinin kalibrləmə sertifikatlarının qəbul edilməsi üzərində işlər aparılır. Azərbaycan 2015-ci ildən Çəkilər və Ölçülər üzrə Baş Konfransa və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata üzv olub.

Azərbaycan Metrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən Mahmud Qubatov isə çıxışında institutun fəaliyyət sahələrindən söz açıb.

Bildirib ki, yeni yaradılan bu qurum beynəlxalq təcrübəyə əsasən ölçmələrin vəhdətinin təmin edilməsi, yüksək dəqiqlik sinfinə malik olan işçi etalonların və ölçmə vasitələrinin kalibrlənməsi, ölçmə vasitələrinin tipinin təsdiqi, həmçinin ölkədə istehsal olunan və ya idxal olunan ərzaq və qeyri-ərzaq məhsullarının, tikinti materiallarının və s. radionuklid analizlərinin aparılmasını həyata keçirir.

Vurğulayıb ki, institutda saxlanılan milli etalonların digər ölkələrin milli etalonları ilə ekvivalentlik dərəcəsinin müəyyən edilməsi, Azərbaycan Respublikasının milli etalonlarının beynəlxalq tutuşdurmalarda iştirak etməsi və onların beynəlxalq səviyyədə tanınması, həmçinin institut tərəfindən verilən kalibrləmə və ölçmə haqqında sertifikatların beynəlxalq miqyasda tanınması məqsədilə etalon laboratoriyalarının beynəlxalq akkreditasiyası üzərində ciddi işlər aparılır.

Çex Metrologiya İnstitutunun nümayəndəsi Radek Strnad bildirib ki, Azərbaycanın milli etalonlarının beynəlxalq səviyyədə tanıdılması və qabaqcıl təcrübələri tətbiq etməsi yüksək qiymətləndirilir.

O, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən “Tvinninq” layihəsinin xüsusi əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının “Tvinninq” layihəsinin icrası nəticəsində metrologiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, təşkilati idarəetmə və planlaşdırılmasının beynəlxalq təcrübəyə uyğun olaraq inkişaf etdirilməsi və metrologiya sistemi üçün təklif edilən hüquqi və tənzimləyici çərçivənin Avropa İttifaqı və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın tələbləri ilə uyğunlaşdırılması kimi məqsədlərə nail olunacaq.

Sonda xidməti fəaliyyətlərində fərqləndiklərinə görə Azərbaycan Metrologiya İnstitutunun bir qrup əməkdaşı Fəxri Fərmanla təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.