İQTİSADİYYAT
Metronun “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının tikintisinin ilin sonunadək tamamlanması nəzərdə tutulur VİDEO
Bakı, 23 iyun (AZƏRTAC). Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxeminə uyğun olaraq “Bənövşəyi xətt” çərçivəsində şərti olaraq “Avtovağzal” və “Memar Əcəmi-2” adlanan yeni stansiyaların tikintisinin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Bənövşəyi xətt”in davamı olaraq paytaxtın “Papanin” adlanan ərazisində və Heydər Əliyev adına İdman Kompleksinin yaxınlığında yeni stansiyaların tikintisinə başlanılmışdır.
Məlumatda, həmçinin bildirilir ki, “Dərnəgül” stansiyasından “Xətai” stansiyasınadək uzanan “Yaşıl xətt”in davamı olaraq isə bir sıra yeni stansiyalar inşa ediləcəkdir. Bu stansiyalar Nobel prospekti boyunca uzanaraq, “Ağ şəhər” layihəsini və Neft Emalı Zavodunun qarşısındakı ərazini əhatə edəcəkdir. “Yaşıl xətt”in sonuncu stansiyası isə hələlik şərti olaraq “Həzi Aslanov-2” adlandırılan stansiya olacaqdır. Daha sonra bu stansiyadan “Dərnəgül” stansiyasına yeni xətt çəkilməsi planlaşdırılır.