İQTİSADİYYAT
Metronun “Bakmil” stansiyası yenidən qurulacaq
Bakı, 4 avqust, Elvin Camalov, AZƏRTAC
Bu aydan Bakı Metrosunun “Bakmil” stansiyasının yenidən qurulmasına başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O bildirib ki, Bakı Metropoliteninin yeganə yerüstü stansiyası olan “Bakmil” açıq hava şəraitində uzunmüddətli istismar nəticəsində ətraf mühitin təsirlərinə məruz qalıb. Bu səbəbdən stansiya platformasının möhkəmləndirilməsi, fasad üzlüyünün, divar və döşəmə örtüyünün yenilənməsi, qapı və pəncərələrinin dəyişdirilməsi zərurəti yaranıb. Təmir işlərinin aparıldığı müddət ərzində sərnişinlər stansiyadan istifadə edə biləcəklər. Stansiyanın xidmətindən istifadə edən sərnişinlərin təhlükəsizliyi və rahatlığını maksimum təmin etmək məqsədilə stansiyanın yenidən qurulması əvvəlcədən hazırlanmış tədbirlər planına uyğun yerinə yetiriləcək.
N.Paşayevin sözlərinə görə, yenidənqurma işləri başa çatdırıldıqdan sonra stansiya sərnişinləri ikinci mərtəbəsindən qəbul edərək yola salacaq. Aşağı mərtəbə isə xidmət heyəti üçün nəzərdə tutulacaq. 38 ildir istifadədə olan “Bakmil” stansiyasının yenidənqurma tədbirlərinin 2018-ci ilin əvvəllərində başa çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, Bakı Metropoliteni istifadəyə verilərkən, belə bir stansiyanın tikintisi ilkin planda nəzərə alınmayıb. Ötən əsrin yetmişinci illərində həmin ətrafda keçmiş SSRİ-nin ilk kondisioner zavodunun istismara verilməsi, həmçinin “Bakıelektroterm” İstehsalat Birliyində çalışan insanların rahatlığının nəzərə alınması, eləcə də ətrafda yeni sənaye obyektlərinin meydana gəlməsi depo ərazisində ikinci sərnişin platformasının inşa olunması zərurətini yaradıb.
“Depo” adlandırılmış ilk belə kiçik bir platforma 1970-ci il sentyabrın 25-də istifadəyə verilib. 1979-cu ildə isə həmin platforma indiki birplatformalı stansiya görkəmini və statusunu aldı. “Elektrozavod” adlandırılan stansiyanın rəsmi açılışı həmin il martın 28-də keçirilib. 1992-ci ildə stansiyanın adı dəyişdirilərək, “Bakmil” qoyulub.